USTADNAMƏ

Dəli könül, nə divanə gəzirsən?
Bivəfa dilbərdən sənə yar olmaz.
Düz çıxmaz ilqarı, əhdi-peymanı,
Hərcayıda namus, qeyrət, ar olmaz.

Sirr vermə nadana, sirr vermə pisə,
Axır qəlbin ya inciyə, ya küsə,
Ot bitər kök üstə əsli nə isə,
Yovşan bəsləməklə çəmənzar olmaz.

Vəfalıya əmək çəksən itirməz,
Bədəsil nəsihət, öyüd götürməz,
Qabaq tağı tər şamama bitirməz,
Göy söyüddə heyva olmaz, nar olmaz.

Təklif olunmamış bir yerə varma,
Nər olmaz meydanda hər bığıburma,
Səryaqıb adama heç yaxın durma,
Xain çıxar, onda düz ilqar olmaz.

Xəstə Qasım günü keçmiş qocadı,
Gələn bəzirgandı, gedən xocadı,
Sərv ağacı hər ağacdan ucadı,
Əsli qıtdı, budağında bar olmaz.

Ustadlar ustadnaməni bir deməyib iki deyər, biz də deyək iki olsun, düşmənin gözü oyulsun.

Yüz il də olasan bir bağa bağban,
Axır sərəncamı bağ sənə qalmaz.
Nə can qalar cəsədinin içində,
Nə də ki, cəsədin sağ sənə qalmaz.

Mərd olasan, bu meydanda durasan
Çox pəhləvanları yolda yorasan,
Yüz əlli minarə sən qurdurasan,
Heç birindən bir otaq sənə qalmaz.

Səməd, deyilənə baxmaz, yerirsən,
Dağcan olsan qılcan qalmaz, ərirsən,
Daş altında, torpaq üstə çürürsən,
Axır sümüklərin sağ sənə qalmaz.

Ustadlar ustadnaməni iki yox, üç deyərlər, biz də deyək üç olsun, düşmənlərin ömrü puç olsun.

Namərdinən mərddən xəbər söyləyim,
Namərd öz könlündə mənlik davalar.
Mərd olan al geysə, yekəlik bilməz,
Namərd şilə geysə, xanlıq davalar.

Ayıb olmaz mərdin heç nərəsində,
Əslində, bətnində, nə zərrəsində,
Namərd çovuş olsa kənd arasında,
Gedər o, divandan donluq davalar.

Cumanın göftarı arifə busat,
Mərdinən dolanmaq asanddı, asand,
Namərdin əlinə keçsə bir fürsənd,
Qəpiyin yerinə onluq davalar.

Ustadlar belə deyirlər ki, baş Xudafərin körpüsü ilə Araz-Kür qovşağı arasında Araz boyu yeddi yüz yetmiş iki ev yaşayırdı. Bunların içərisində bir çox bəylər, bəyzadələr var idi. Ancaq bunların hamısı Dirili Hüseynalı xana baxırdı. Hüseynalı xan çox arxalı, çox varlı, döv-lətli bir xan idi.

Hüseynalı xanın atadan-anadan doğma Mirzalı xan adında bir qar-daşı var idi. Mirzalı xan çox yumşaq xasiyyətli bir adam idi. Özünün də züryətdən heç nəyi yox idi. Qardaşlar nə qədər ki ataları sağ idi, bir yerdə yaşayırdılar. Elə ki ata öldü, Hüseynalı xan öz oğlanlarına arxalanıb, qardaşı Mirzalı xanı evdən çıxartdı. Atanın var-dövlətindən Mirzalı xana bir çürük cövüz də vermədi. Mirzalı xan hara əl atdısa heç bir yerə əli bənd olmadı. Axırda oturdu öz yoxsul daxmasında. Günlərin bir günündə Mirzalı xan arvadını çağırıb dedi: - Arvad, bütün bu işlər ona görə bizim başımıza gəldi ki, bizim züryətimiz, arxa-köməyimiz yoxdu. Deyirlər ki, el duası müstəcəb olar. Bir qurban götür, gedək ocağa orada nəzir paylayaq, qurban kəsək, verək yetim-yesirə, bəlkə bir övladımız ola.

Sabahı Mirzalı xan nəzir-niyaz, bir dənə də karlı qurbanlıq götü-rüb getdi ocağa. Nəziri payladı, qurbanı da kəsdi. Allah-taala bunların qurbanını qəbul eylədi. Belə ki, bu işdən bir müddət sonra Mirzalı xanın bir oğlu oldu ki, on dörd gecəlik ay kimi. Mirzalı xana müjdə getdi. Mirzalı xan ac qarınları doyurdu, çılpaq əyinləri geydirdi. Sonra uşağa ad qoymaq istədilər. Bir ağıllı qoca kişi gəlib dedi:

-  Oğlanın adını mən qoydum - Qurbani. Çünki, bunu qurbanla tapıbsınız.

Oğlanın adını qoydular Qurbani, tapşırdılar dayələrə. Tainki, uşaq yeddi yaşa çatdı, bir kamil molla tapıb uşağı tapşırdılar ona. Molla baş­ladı uşağa dərs verməyə. Bir neçə ilin müddətində uşaq bütün elmlər-dən baxəbər oldu. Belə ki, molla dərs deməkdən aciz qalıb, sifariş elədi ki: ey Mirzalı xan, Qurbaniyə daha elm kifayət elər. O, bütün elmləri sinə dəftər eləyib, açarını qoyub cibinə.

Bəli, Mirzalı xan mollanın xələtini göndərib, Qurbanini də evə gə-tirdi. Qurbani evdə yaşamağa başladı. Mirzalı xan da ki, onun üstündə nanə yarpağı kimi əsirdi.

Bir gün Qurbani qapıda durmuşdu, adamlara baxıb köksünü ötü-rürdü. Mirzalı xan onu bu halda görüb dedi:

-  Ay oğul, camal səndə, kamal səndə, fərasət səndə, niyə köksünü ötürürsən?

Qurbani dedi:

  • Dədə, qulaq as, sana bir ərzim Mirzalı xan dedi:
  • Nədi, xeyir olsun? Qurbani dedi:

-  Allah mal-dövlət verəndə bizə bircə öküz də verməyib ki, gedib yerdən-zaddan əkək, bir az azuqə qazanaq. Mən bu işə sirr qalmışam ki, niyə belə olur. Niyə biri varlı olur, biri kasıb olur. Biri mallı olur, biri malsız olur.

Mirzalı xan dedi:

-  Oğul, mənim Hüseynalı xan adlı bir qardaşım var ki, bünövrədən qolu zorludu. Atamızdan qalan var-dövləti çəkib əlimdən alıb. Gücüm çatmır ki, ondan ata payı alam. Onun üçün də mən belə kasıb olmuşam.

Qurbani dedi:

-  Dədə, məni əmimin yanına apar. Təvəqqə eləyim. Bəlkə bizə bir cüt öküz verə, biz də gətirib pərəkardan-zaddan əkək.

Mirzalı xan dedi:

-  Oğul, o çox nainsaf qardaşdı. Mən rəva bilmirəm ki, sən ondan şey istəyəsən. İstəsən də sözünü yerə salacaq.

Qurbani dedi:

-  Yox, dədə, sən məni apar, mən istəyim, qoy verməsin. Zərəri yoxdu.

Mirzalı xan naəlac qalıb dedi:

-  Yaxşı. Gedək evinin yerini göstərim. Ancaq sana bir zəy də ver-məyəcək6.

Qurbani dedi:

-  Sən məni apar, eybi yoxdu, qoy verməsin.

Mirzalı xan Qurbanini qabağına qatdı, aparıb öz qardaşı Hüseynalı xanın evinə saldı, özü də kənarda dayandı. Hüseynalı xan Qurbanini görəndə, baxdı ki, vallah, bir gözəl oğlan gəlib onun yanında dayanıb ki, misli-manəndi dünyada yoxdu. Öz-özünə dedi: "İnsanda da bu qədər gözəllik olarmı? Bu haradan gəlib çıxdı?"

Qurbani baxıb gördü ki, əmisinin evində çox varlı-karlı qonaqlar

var.

Hüseynalı xan üzünü çevirib Qurbanidən soruşdu:

  • Bala, sən kimsən? Buraya nə mətləbə gəlmisən? Qurbani dedi:
  • Əmi, mən qardaşın oğluyam. Dədəmlə sənin yanına gəlmişəm. Hüseynalı xan dedi:
  • Sənin dədən kimdi? Sən kimin oğlusan? Qurbani dedi:
  • Mənim dədəmi, niyə, tanımırsanmı? Sənin qardaşın Mirzalı xan. Hüseynalı xan bu sözləri eşidən kimi Qurbaninin gözlərindən

öpüb, öz yanında əyləşdirdi və qardaşı Mirzalı xanı da yanına çağırıb dedi:

-   Qardaş, sənin ki, belə oğlun var imiş, bəs bu vaxta kimi mana niyə demirdin? Uşağı da belə saxlayarlarmı? Tamam çılın-çılpaqdı ki...

Mirzalı xan dedi:

-  Qardaş, xatirinə dəyməsin, səndə nə sifət görmüşəm ki, oğlumu da sənə tanış verəydim? Mən sənin yanına gəlmirdim, Qurbani zorla gətirdi.

Hüseynalı xan dedi:

  • Bəs, oğlun nə mətləbə gəlib? Mirzalı xan dedi:
  • Özündən xəbər al, gör nə mətləbə gəlib. Mən heç zad bilmirəm. Hüseynalı xan dedi:
  • Oğul, nə diləyin var dilə! Qorxma, hər nə istəsən verəcəyəm. Qurbani dedi:

-  Dədəm səndən mənə ayrı cür sözlər danışıb. Onun üçün söz deməyə cürət eləmirəm.

Hüseynalı xan dedi:

-  Dədənə fikir vermə! Söylə görüm, nə deyirsən?

Bu danışıq arasında yemək gəldi. Yedilər, içdilər, qurtarandan sonra Hüseynalı xan Qurbaniyə dedi:

-  İndi sözünü deyə bilərsən. Qurbani dedi:

-  Əmi, bircə cüt öküz üçün gəlmişəm. Camaat hamısı əkin əkir. Biz əlacsız boynuburuq qalmışıq. Yeməyə çörək tapmırıq. Bir boyun öküzümüz olsa yerdən-zaddan əkərdik.

Hüseynalı xan dedi:

-  Mənim gözüm üstə! Sənə bir cüt öküz verdim.

Hüseynalı xan əmr elədi. Qurbaniyə bir cüt öküz verdilər. Qurbani öküzləri götürüb, sevinə-sevinə evlərinə gəldi. Gecəni yatdılar, sabahı Qurbani dedi:

-  Dədə, mən yer əkməyə gedirəm. Sən də mənə çörək gətirərsən. Qurbani öküzləri götürüb kövşənə gəldi, qoşub yer əkmək istədi.

Amma öküzlər xam idilər, getmədilər ki, getmədilər. Hərəsi bir tərəfə çəkdi. Qurbani nə qədər çalışdı, nə illah elədi, əməl olmadı ki, olmadı. Axırda dedi:

-  Allah ki, adamdan üz döndərdi, bəndənin verməyindən bir şey çıxmaz. Görünür ki, biz elə həmişə kasıb dolanacağıq.

Öküzləri açıb buraxdı. Özü də yıxılıb bir zağada yatdı. Qurbaninin göz evi örtüldü, könül evi açıq idi. Onun yuxusuna Gəncə şəhərində Ziyad xanın qızı Pəri xanım girdi. Pəri xanımın əlini Qurbaninin əlinə verib, onları bir-birinə buta elədilər. Bu iki aşiq-məşuq yuxuda görüş-dülər, alışdılar, verişdilər.

Qurbani yatmaqda olsun, eşit Mirzalı xandan.

Mirzalı xan çaydan-çörəkdən götürüb Qurbaninin dalınca getdi. Ora Qurbani, bura Qurbani, - tapa bilmədi. Baxdı ki, çöldə bir keçəl dana otarır. Mirzalı xan onun yanına gəlib Qurbanini, öküzləri ondan soruşdu. Keçəl dedi:

-   Əmi, oğlun o zağanın içərisinə girdi. Öküzlərin birini canavar yedi, biri də batlağa batıb öldü. Oğlunun da ürəyi keçib, qalıb zağada.

Mirzalı xan özünü yetirdi zağaya. Gördü Qurbani bərk yuxunun içindədi. Onun o tərəf-bu tərəfinə keçdi, çağırdı, amma çifayda -Qurbani ayılmadı ki, ayılmadı. Mirzalı xan keçəli də çağırdı, Qurba-nini köməklə götürüb evə apardılar. Evdə də nə qədər elədilər Qurba-nini ayılda bilmədilər. Mirzalı xan çoxbilmiş, dünyagörmüş adamları çağırıb dedi:

-   Siz bilərsiniz, mənim oğlumun dərdi nədi? Bu niyə yuxudan ayılmır?

Dedilər:

-   Sənin oğlunun dərdini qarılar bilər. Onları çağır.

Mirzalı xan gedib ipək qarını da, köpək qarını da, napak qarını da çağırdı. Əvvəl-əvvəl napak qarı gəldi, Qurbaninin vəzmini* əlinə alıb dedi:

  • Oy aman, bununku onnandı... Dedilər:
  • Qarı nənə, onnandı nədi? Nə danışırsan? Qarı dedi:

-   Belə qadanızı alım, onnandı ey!.. Çaydan keçəndə qurbağadan qorxub, ürək-göbəyi düşüb, dəli olub. Tez qaçım, qalxıb məni dalaya-caq, mən də sizi dalayacağam, siz də başqalarını dalayacaqsınız, bir tufan qopacaq ki, ulax qovalayıb, keçi başı tutan qalmayacaq.

Qarını döydülər, çölə çıxartdılar. Köpək qarı irəli gəlib, Qurbani-nin gözlərinin içərisinə baxdı, geri durdu, dedi:

-   Ay aman, bunu tısbağa dalayıb, qudurub. Qalxıb bu saat məni dalayacaq. Mən də sizi dalayacağam. Adamlar hamısı quduracaq. Tez başına kül ələyin ölsün.

Onu da döyüb qovdular. İpək qarı irəli gəldi. Qurbaninin biləyini əlinə aldı, bərk-bərk sıxıb dedi:

-   Hə, vəzmi öz yerindədi. Sevda vəzmidi. Mirzalı xan, bunun sağ əli mənim əzizimin başına olsun. İki gün daha yatar layiməst, üçüncü gün qalxar, ya badəsindən söylər, ya sevgisindən. Üçüncü gün olanda bunun başına qırx qız-gəlin yığ. Qalxanda dərdini söyləyəcək.

Bəli, vaxt gəldi keçdi. Qurbani üçüncü gün ayılıb gördü ki, başına çoxlu qız-gəlin yığılıb, dedi:

-  Ay dədə, xalxınkı buradadı, bəs mənimki haradadı? Mirzalı xan dedi:

-  Oğul, ölmüsən o dünyadan danış, sağsan bu dünyadan. Səninki, mənimki nədi?

Qurbani dedi:

-  Dədə, bir başı limcə*, bir başı çömçə olsa, dərdimi sənə söyləyə bilərəm.

Dədəsi dedi:

-  Oğul, bir başı limcə, bir başı çömçə nə deməkdi? Sən mənimlə lap qarğa dili danışırsan.

Qurbani dedi:

-  Dədə, ona həm dəm, həm də qəm çömçəsi deyərlər. O gahdan dəmə çalar, gahdan qəmə.

Bəli, gətirdilər Qurbaniyə bir dənə saz verdilər. Qurbani sazı aldı əlinə, öpüb gözünün üstünə qoydu. Zilini zil, bəmini bəm eylədi, sinəsinə basıb görək nə dedi:

Yatmışdım, üstümə gəldi ərənlər,
Səfil, nə yatmısan, oyan dedilər.
Oyandım qəflətdən, açdım gözümü,
Al, abi-kövsərdən7 iç, qan dedilər.

Oyandım qəflətdən, açdım gözümü,
Ərənlər payinə sürtdüm üzümü,
Dindirdilər, haq söylədim sözümü,
Doxsan min kəlməmə bəyan dedilər.

Qurbani, batıbsan qəm dəryasına,
Ovçunun məskəni dağ arxasına,
Bir siyqəl versənə könlün pasına,
Aşiqi məşuqa qurban dedilər.

Mirzalı xan dedi:

-  Ay oğul, bir əməlli bizi başa sal, görək nə deyirsən? Biz sənin özündən heç zad başa düşmürük.

Qurbani atasının cavabında dedi:

-  Dədə, qulaq as, bir ağız da deyim, bəlkə başa düşəsən. Aldı Qurbani:

Bir kimsənə gəldi mənim üstümə,
Yazılı şəninə ya minəl-əta! 
İmam ola, damad-Əhmədi-Mürsəl ,
Doldurub camini eylədi əta.

Tərəhhüm eylədi abi-kövsərdən,
Onunçün keçmişəm can ilə sərdən,
İstədim mətləbim payi-Qənbərdən,
Kəramət eylədi mənə bir buta.

Eşq əlindən namus-arım qalmadı,
Nə bir səbrim, nə qərarım qalmadı,
Qurbaniyəm, ixtiyarım qalmadı,
Dönmüşəm kamana, qəddimdi duta.

Mirzalı xan dedi:

-  Hə, oğul, indi başa düşdüm. Sənə buta veriblər. Ancaq de görüm, butanı sənə harda veriblər və sən haraya gedəcəksən?

Qurbani dedi:

-  Dədə, mən Gəncə şəhərinə gedəcəyəm. Gəncəli Ziyad xanın qızı Pəri xanımı mənə buta veriblər.

Mirzalı xan çox elədi, Qurbani razı olmadı. Axırda Mirzalı xan dedi:

-  Oğul, səni heç bir yana buraxmaram gedəsən. Gedək əmin Hüseynalı xanın öküzlərinin cəriməsini ver, sonra danışarıq.

Qurbani razı oldu. Hər ikisi Hüseynalı xanın evinə getdilər. Hüseyn-alı xan baxdı ki, Qurbani o Qurbani deyil. Bunun həm kamalı, həm də gözəlliyi qat-qat artıb. Özü də çiynində bir saz var. Mirzalı xan ağlayıb dedi:

-  Sənin qolların sınsın, qardaş! Səni heç səxavət sahibi olmayasan! Sən öküzləri verdin, bu apardı, ondan bəri bəlaya düşüb, dərd-azarını bilmirəm.

Hüseynalı xan Qurbanidən dərdini soruşdu.

-  Əmi, qulaq as! Mən dərdimi dillə desəm, dilim yanar, sazla deyim. Aldı Qurbani:

Haqqım əmr eylədi, gəldim dünyaya,
Gözüm açdım, mayil oldum o burca.
Arif oldum, haqq kəlamın oxudum,
Əlif qəddim dal yazılmış o burca.

İsmin xəbər aldım, dedi Vəlidi,
Göydə gəzən Cəbrayıldı, Pəridi,
Qapıçısı şahi-Mərdan Əlidi,
Məhəmməd meraca gedər o burca.

Qurbani der, arayıban tapmışam,
Qırxlar məclisindən bir pay qapmışam,
Kəbədisə mən də birin yapmışam,
Min könüldən bir yol gedər o burca.

Mirzalı xan dedi:

-  Qardaş, öküzlərini öldürüb. Bunu heç hara buraxma, getsin. Deyir, bilmirəm, yuxuda mənə badə içiriblər, buta veriblər, gedəcəyəm buta-mın dalınca.

Hüseynalı xan üzünü Qurbaniyə tutub dedi:

  • Oğul, de görək o nə butadı? Nə badədi? Qurbani dedi:
  • Əmi, bu saat deyim. Qurbani sazı kökləyib dedi:

Könül qalxdı Bərdə sarı yeridi,
Orda bir şəhər var, adı Gəncə hey...
Gözəlləri, məhbubları, xubları
Xub batıblar mala, mülkə, Gəncə hey...

Qurbani bu bəndi qurtaran kimi atası bir odun parçası götürüb, basdı döşünə, dedi:

-  İndi ki, belə oldu, qoy bir neçəsini də mən deyim. 

Aldı Mirzalı xan:

Başına döndüyüm gülüzlü oğul,
Dərd çəkməyə heç kim olmaz məncə, hey!
Gözəl sevib, abdal olub çaşıbsan,
Tayın yoxdu soltanca hey, xanca hey!

Aldı Qurbani:

Qarıncalar yuvasını qayırdı,
Gözəl kəklik balaların doyurdu,
Fələk vurdu gözü yaşlı ayırdı,
Aram düşüb nazlı yardan gencə hey!

Aldı Mirzalı xan:

Yatmaq üçün gözlərinin xabı var,
Dərd çəkməyə mən yazığın tabı var,
Hər adamın tayı, tuşu, babı var,
Tutmaq olmaz hər yetənlə pəncə hey!

Aldı Qurbani:

Qurbani der, vüsalına ermədim,
Əl uzadıb qönçə gülün dərmədim,
İran gəzdim, Turan gəzdim görmədim
Gözəllikdə, məhbubluqda onca hey!

Aldı Mirzalı xan:

Mirzalıyam, əldən getdi varımız,
Kimlər çəkər namus ilə arımız,
Çünki olduq xeyrə, şərə yarı biz,
Gəlsən bölək, borcu sənnən təncə hey!

Camaat hamısı Mirzalı xana minnət-sünnət eyləyib dedilər: - Əşi, Qurbani haqq aşığı olub. Qoy məşuqunun dalınca varsın getsin. Ümid var ki, Pəri xanımı götürüb qayıdar. Hüseynalı xan dedi:

-  Qardaş, Qurbani ilə işin olmasın. Qoy getsin. İnşallah, genə sala-mat qayıdar. O, haqq aşığıdı. Başından bir tük əskik olsa, mən zamın.

Mirzalı xan oğlunun üzündən-gözündən öpüb ağlaya-ağlaya dedi:

-  Oğul, gəl bu daşı ətəyindən tök, məni başıkəsik qoyub getmə. Qurbani başını bulayıb, sazı sinəsinə basdı, sazla ona cavab verdi.

Aldı Qurbani:

Ey ata, can gedib, qalıbdı nəfəs,
Bu nişanda belə yarı görmüşəm.
Bunca ki, gözəli tapmadı könül,
Ah çəkibən intizarı görmüşəm.

Gözəllikdə kimsə yoxdu təhrində,
Onunçün çəkirəm yarın qəhrin də;
Nə İran, nə Turan, Gəncə şəhrində
Canlar alan o nigarı görmüşəm.

Ay ata, sən məni etmə günahkar,
Bəsdi, bunca nə elərsən ahü-zar?
Qurbani der, əldən gedib ixtiyar,
Xublar şahı o sərdarı görmüşəm.

Atası çar-naçar razı oldu. Qurbani camaatla, atası ilə qohum-qardaşı ilə, əmisi ilə əltəmən edib ayrıldı, Gəncə şəhərinə tərəf getməyin binasını qoydu. Az getdi, üz getdi, dərə-təpə düz getdi, Saleh Sövdəyər adında bir adama rast gəldi. Saleh Sövdəyər ondan soruşdu:

  • Oğul, haradan gəlib, haraya gedirsən? Qurbani dedi:
  • Əmi, kandan gəlib, məkana gedirəm. Saleh Sövdəyər soruşdu:
  • Sən bir tikə uşaqsan. Nə bilirsən kan nədi, məkan nədi? Qurbani ona dedi:
  • Əmi, kan bu dünyadı, məkan o dünyadı. Saleh Sövdəyər dedi:
  • Sən bu səfərindən məni halı elə görüm hara gedirsən? Qurbani aldı, görək ona nə cavab verdi:

Əvvəl başdan yerim biməkan oldu,
Görünür gözümə haralar mənim.
Əyyub kimi sinəm şanbaşan oldu,
Göründü gözümə yaralar mənim.

İslam olan məzhəbimiz şərifdi,
Dərdli olan bu odları görübdü,
Ala gözlü bir dilbərim gedibdi,
Şahi-Mərdan gəlsə çaralar mənim.

Əvvəl başdan qara gəlibdi yazı,
Kimdi olsun bu dünyadan irazı?!
Məhəmməddən bizə qalıbdı yazı,
Qurbaniyəm, işim aralar mənim.

Saleh Sövdəyərin buna çox yazığı gəlib dedi:

-   Oğul, mən istəyirəm səni bu yoldan qaytaram. Sənin kimi ağıllı, kamallı oğlanın bu qorxulu yola getməyi yaxşı deyil. Məgər bir adam olmadı ki, səni buraxmaya? Sən gəl bu daşı ətəyindən tök, bu yoldan qayıt. Get öz yerində birinin qızını al. Nə çox gözəl. Gəncə hara, bura hara? Yoldaca itib öləcəksən. Mənim sözümə baxsan ziyan çəkməz-sən, gözəllərdən birini seçib alarsan.

Qurbani ona cavab verdi:

-   Əmi, üz vurma! Mən qayıda bilməyəcəyəm. Saleh Sövdəyər ona bir kağız yazıb verdi, dedi:

-  Çünki qayıtmırsan, Arazın qırağındakı ev mənim əmim oğlunun evidi. Adamları Arazdan o taya keçirir. Al bu kağızı, ona ver, sənə kömək elər.

Qurbani ondan kağızı aldı, xudahafizləşib özünü yetirdi Arazın qıra-ğına, Mustafa adlı bir adamın yanına. Saleh Sövdəyərin verdiyi kağızı ona verdi. Mustafa baxdı ki, bu elə bir oğlandı ki, qüdrətin qələmi cuşa gələndə əvvəl qələmini buna çalıb. Məgər bunun yiyəsi yoxmuş, nə imiş ki, belə gözəl uşağı çöllərə buraxıb. Dünyanın altında mənim gözü­mün ağı-qarası bircə qızım var, kaş onu alaydı, başqa yerə getməyəydi.

Qurbani dedi:

-  Əmi, mən tələsiyirəm. Məni tez Arazdan o tərəfə keçir. Uzaq səfərim var.

Görək Mustafa ondan nə cür əhval-pürsan olur, Qurbani nə cür cavab verir. 

Aldı Mustafa:

Cavan oğlan, nə məkandan gəlirsən,
Səbəb nədi, de, düşmüsən çölə sən?
Gözəl sevib, abdal olub çaşmısan,
Mən baxıram, nabələdsən yola sən.

Aldı Qurbani, cavabında görək nə dedi:

Başına döndüyüm, ay pirü qoca!
Bir Pəri salıbdı çöllərə məni,
Nə günüm günüzdü, nə gecəm gecə,
Bir Pəri salıbdı çöllərə məni.

Aldı Mustafa:

Mal istəsən dövlətim var, varım var,
Namusum var, qeyrətim var, arım var.
Oğul olsan, gözüm üstə yerin var,
Bir qızım var, ona həmdəm olasan.

Aldı Qurbani:

Xəbər alsan, budu sözümün düzü,
Sızıldayır yaram, səpmə gəl duzu,
Cavad xan bacısı, Ziyad xan qızı,
O Pəri salıbdı çöllərə məni.

Aldı Mustafa:

Mustafa bil, ilqarında bütündü,
Yeri, oğul, mənzilinə yet indi,
Axtarıb Pərini tapmaq çətindi,
Duam budu: sevdiciyin alasan.

Aldı Qurbani:

Qurbaninin dərdi olub ziyada,
Allahı çağırram yetişər dada,
Bir gözəl seçmişəm fani dünyada,
O Pəri salıbdı çöllərə məni.

Mustafa tacir baxdı ki, Qurbaninin butası var. O, haqq aşığıdı. Onu yoldan qaytarmaq olmaz. Ona xeyir-dua verdi, kömək edib, Arazdan keçirdi, yola saldı.

Qurbani günə bir mənzil, tainki gəlib Bərdə şəhərinə yetişdi. Qəzara Aşıq Valeh də Bərdədə idi. Qurbanini görüb əhval soruşdu. Qurbani başına gələni Aşıq Valehə söylədi. Aşıq Valeh dedi:

-   Nə cür aşıqsan? Mana bir bağlama söylə görüm haqq aşığısan, yoxsa qondarma aşıqsan? Əgər haqq aşığı olsan, xeyir-dua edərəm gedərsən, muradına çatarsan.

Qurbani bildi ki, ustad aşıqların ağzı faldı, onlar xeyir-dua versə, səfər uğurlu olar. Ona görə də sazı döşünə basıb, ona üç qatar söz oxudu.

Aşıq Valeh onun sözlərini çox bəyənib, alnından öpüb dedi;

-  Doğrudan da haqq aşığısan. Get, Allah işinə fərəc versin! Qurbani Aşıq Valehdən ayrılıb, Bərdə şəhərinin ucqarı ilə gedirdi,

birdən bir toy səsi eşitdi. Düz toy olan yerə getdi. Burada toy məclisini keçirən Aşıq Saleh adlı bir adam idi. Adamlar Qurbanini əlində saz görüb, yuxarı başa dəvət elədilər. Bu, Aşıq Salehə ağır gəldi. İstədi Qurbanini qovsun, camaat yerbəyerdən dedi:

-  Xeyr, aşığı qovmaq olmaz. Qoy o da oxusun. Aşıq Saleh dedi:

-  Dərya olan yerdə qətrə nə qələt elər? O mənim qabağımda nə deyəcək? İndi oğuldu, dediyim sözə cavab versin.

Aldı Aşıq Saleh:

Get dolangilən, xamisən hələ,
Püxtə olmağa çox hünər gərək.
Mürği-qafilə həmzəban olub,
Dövrə qalxmağa balü pər gərək.

Qurbani başını bulayıb güldü, dedi:

-  Aşıq, qabağındakını uşaq hesab eləmə! İndi qulaq as gör, mən nə deyirəm. Səni saz dilləndirir. Sən sazı dilləndirmirsən.

Aldı Qurbani:

Dost bizi buyurdu xidmət şərifə,
Dedik ki, baş üstə, kafü lamü kaf!
Fitnə qaşlı, cadu gözlü sevdiyim,
Çoxların eləyib həyyü lamü kaf.

Aşıq Saleh Qurbaninin bu oxumağının qabağında qaldı gözlərini döyə-döyə. Camaat yerbəyerdən qışqırdı:

-  Aşıq deyən yaxşıdı. Aşıq, dalın de gəlsin!

Aldı Qurbani:

Sidqi dürüst olan yetişər haca,
Kimsə də kimsəyə etməz iltica,
Peyğəmbər ki, qədəm basdı meraca,
Pişvazinə gəldi mimü lamü kaf.

Mehdi görər qoşununun sanını,
İnsan üçün qurar haqq mizanını,
Bir gün alar Qurbaninin canını,
Bir gözləri cəllad kafü lamü kaf.

Aşıq Saleh Qurbaninin sözlərini eşidəndə başı taqqıldadı, qulaqları cingildədi. O, ömründə belə sözlər eşitməmişdi. Çölə çıxmaq bəha-nəsi ilə adamların dal tərəfindən yayınıb, başmağının bir tayını da qoyub, bayaq məclisi buraxıb qaçdı. Hay-küy düşdü. Adamlar içəri-sində çaxnaşma oldu. Dedilər:

-  Aşıq Saleh qaçıb. Aşıq, xahiş edirik bir neçəsini də deyəsən. Qurbani həzaratın sözünü sındırmadı. Sazı döşünə basıb görək nə

dedi:

İbtida eyləyib girdim meydana,
Aşıqlar ustadı, görün, handadı?
Pünhanı dərdlərim çoxdu canımda,
Dürr-gövhərlərim hələ kandadı.

Nazlı yar əlindən sinəsi dağam,
Sürəyya tək yatmamışam, oyağam,
Şahindən ayığam, qazdan sayağam,
Dü çeşmim gözləyir, sübhü dandadı.

Mənə badə verib Həzrət Əli,
O nə ki, buyurub demişəm: - bəli.
Qurbaninin fikri, zikri, xəyali,
Axır ki, mətləbi Pəri xandadı.

Qurbanini o gecə qonaq eləyib, çox hörmət elədilər. Səhər açıldı. Qurbani camaatla xudahafizləşib, buradan yola düşdü, ta ki, gəlib bir bostana çıxdı. Bostançıdan bir yemiş aldı. Oturub yemişi yedi. İstədi durub getsin, bostançı dedi:

-  Oğul, gəl mənə oğul ol, burada bostan, bağ becərib dolanaq. Aşıq-lıqdan nə qazanacaqsan ki, sazı çiyninə salıb, kəndbəkənd gəzirsən?

Qurbani başını bulayıb ona cavab verdi:

-   Əmi, mən kəndbəkənd gəzən aşıqlardan deyiləm. Mənimki başqadı. Qulaq as, bir neçəsini deyim. Onda bilərsən.

Aldı Qurbani:

Başına döndüyüm, ay Pərizadə,
Can içində cana vermərəm səni.
Neynirəm bostanı, neynirəm bağı,
Yüz bağü bostana vermərəm səni.

Dağlarda maralsan, çöllərdə ceyran,
Ordubad, Naxçıvan boyuna heyran,
Tamaşaya gələr cəmi Gülüstan,
Küllü Dağıstana vermərəm səni.

Qurbani der, can içində can gələ,
Yaş yerinə gözlərimdən qan gələ,
Camalın görməyə Süleyman gələ,
Təxti-Süleymana vermərəm səni.

Bostançı bunu belə görüb dedi:

-   Sən eşqdən, qızdan, gözəldən danışırsan. Səndən mənə oğul olmaz. Get Allah-taala işinə fərəc versin!

Qurbani bostançı ilə xudahafizləşib, oradan keçdi. Mənzil aldı, daban bərkitdi, ta ki, gəlib Gəncə yaxınlığında, şeyx gümbəzinin yaxı-nına çatdı. Qurbani əvvəl-əvvəl böyük Şeyxin qəbrini ziyarət elədi. Üzünü Şeyxin qəbir daşına sürtdü. Sonra Şeyxin gümbəzində oturub bir az dincəlmək istədi. Bir də gördü, budu, üç dərviş peyda oldu. Dərvişlər gəlib Qurbaniyə salam verdilər, əleyk alıb əyləşdilər, Qur-banidən xəbər aldılar:

-   Oğul, haralısan? Haradan gəlib, hara gedirsən? Deyəsən, qərib adama oxşayırsan.

Qurbani dedi:

-  Əmi, Gəncə şəhərinə gedəcəyəm. Burada Şeyxin qəbrini ziyarət eləyirəm.

Dərvişlər bir-birilə himləşdilər ki, biz axşama kimi boğazımızı yırtırıq, beş şahı qazana bilmirik. Bizə hörmət qoyan yoxdu. Camaat aşıqlara hörmət qoyur, çox pul verir. Gəlin bunu da özümüzə yoldaş eyləyək. Elə ki gəzdik, dolandıq, qazandıq, sonra da başını batırarıq, pulları götürərik. Bunlar bu fikri eləməkdə qalsınlar, sizə xəbəri kim-dən verim, Pəri xanımın əmisi oğlu Mahmud bəydən.

Mahmud bəy o günü şikara çıxmışdı. Ov gəzə-gəzə gəlib Şeyxin qəbrinin yanına çıxdı. Baxdı ki, Şeyxin qəbrinin üstündə bir dəstə dərviş, içərilərində də bir aşıq var. Mahmud bəy çox sevindi ki, bunu bir az oxutdurub keyfimizi açarıq. Çünki şəhərdə Qara Vəzir çalıb-çağırmağı qadağan eləmişdi. Elə Mahmud bəy bu fikirdə idi ki, bu tərəfdən dərvişlərdən birisi Qurbaniyə dedi:

-  Oğul, gəl sən də bizim oğlumuz ol. Bir yerdə kəndlərə gedək, məclis keçirək, pul qazanaq.

Qurbani haqq aşığı idi. O saat başa düşdü ki, dərvişlər onu aldat-maq istəyirlər. Dedi:

-  Baba dərvişlər, aman verin sazla bir neçə söz deyim, sonra eybi yoxdu, yoldaş olarıq. Mən də çölçü, siz də çölçü.

Aldı Qurbani:

Fənd eləmə, felli dərviş,
Belə kar eyləmək olmaz.
Yıxıban könül evini,
Mürğü zar eyləmək olmaz.

Mahmud bəy aralıdan qulaq asırdı. Gözlədi ki, görsün aşıq gerisini nə cür deyəcək.

Aldı Qurbani gerisini:

Söylə dərdin bilənlərə,
Dərd başına gələnlərə;
Hər üzünə gülənlərə
Etibar eyləmək olmaz.

Qurbaniyə gətir məzə!
Dərd üstündə dərdim təzə.
Dərd biləni dərd bilməzə,
Giriftar eyləmək olmaz.

Söz tamama yetən kimi Mahmud bəy atını dərvişlərin üstünə sürüb dedi:

-  Tez deyin görüm, bu aşığa nə deyibsiniz ki, o belə oxuyur? Siz aşığa bir söz deməsəniz, aşıq elə sözləri oxumazdı. Hərgah düzünü deməsəniz hamınızı qıracağam.

Dərvişlər dedilər:

  • Vallah, biz heç zad deməmişik. Mahmud bəy Qurbanidən soruşdu:
  • Bu dərvişlərinki qalsın, indi, aşıq, sən de görüm, haralısan, adın nədi?

Qurbani dedi:

-  Qaradağlıyam, adım da Qurbanidi. Mahmud bəy dedi:

-  Düzün de görüm, o dərvişlər sənə nə dedilər ki, sən o sözləri oxudun?

Qurbani dedi:

-  Xan sağ olsun, onlar fikirləşdilər ki, məni işlətsinlər, sonra da öldürüb qazandığımı özlərinə götürsünlər.

Mahmud bəy dedi:

-  İndi mən onların başına oyun gətirim, sən də tamaşa elə. Bu saat onları atın quyruğuna bağlayıb, bu düzü biyabanda parça-parça eləyə-cəyəm.

Qurbaninin insafı qəbul eləmədi. Onları Mahmud bəyin əllərindən alıb dedi:

-  Qoy çıxıb varıb getsinlər. Necə deyərlər, yaxşılığa yaxşılıq hər kişinin işidi, yamanlığa yaxşılıq ər kişinin işidi.

Bəli, Qurbani dərvişləri Mahmud bəyin əlindən alıb buraxdı. Mahmud bəy dedi:

-  İndi, ay aşıq, bir neçə ağız oxu, əgər xoşuma gəlsə, səni öz evimdə saxlayıb, nə mətləbin var yerinə yetirəcəyəm.

Qurbani sazı döşünə basıb, Mahmud bəyin qulluğunda görək nə dedi:

Yerlə göy yoxkən bir nəzər qıldı,
Əritdi gövhəri, dürr eylədi şah...
Yox yerdən aləmi bərqərar etdi,
Cismini qəndildə nur eylədi şah.

Gətirdi kəlamı cümlə-cahana,
Qırxları göstərdi əhli-ürfana.
Peyğəmbər xitabın gətdi dəhana,
Həbibin söhbətin şur eylədi şah.

Dirili Qurbani, götür, din indi!
Boynundadı məhəbbətin kəməndi.
Dərya üstə oynadırdı səməndi,
Özün Cəbrayıla pər eylədi şah.

Mahmud bəy dedi:

-  Aşıq, sən çox yaxşı oxuyursan. Özün də çox kamil adama oxşa-yırsan. Ölüncə mən sənə xidmət eləyəcəm. Ancaq mənim Pəri xanım adlı bir əmim qızı var. Gəncə xanı Ziyad xanın qızıdı. Özü də dünya gözəlidi. Gəncədə bir əzazil vəzir var ki, adı Qara Vəzirdi. Bu vəzir Pəri xanımı öz oğluna almaq istəyir. Oğlu da bir axmağın biridi. Amma hamı Qara Vəzirdən qorxur. Onun qorxusundan bir aşıq oxuyanda Pəri adı çəkə bilməz. İndi mən səni evə aparacağam. Ancaq sənlə bir şərt kəsirəm. Mənim evimdə oxuyanda gərək elə şey oxuyasan ki, içəri-sində Pəri sözü olmaya. Əgər Pəri adı çəksən, Qara Vəzir səni də öldürər, mənim də nəslimi kəsər.

Qurbani dedi:

-  Yaxşı, şərtlərinə əməl elərəm. Mahmud bəy dedi:

-  Mən deyən kimi oxusan, altımdakı kəhər atı da, bir yaxşı saz da sənə verib, səni dünya malından qəni edəcəyəm. Sənə çox quşum qonub, məhəbbətim yapışıb, indi gəl evə gedək.

Mahmud bəy Qurbanini ata mindirdi, evə gətirdi. İndi sizə kimdən xəbər verim, Pəri xanımdan.

Pəri xanım həmin axşam yatıb aləmi-vəyğada gördü ki, butası Qurbani Gəncəyə gəlib. Yuxudan sərsəm ayıldı. Çağırdı başında olan qızları, dedi:

-  Qızlar, şəhərə düşün! Bu boyda, bu buxunda bir oğlan şəhərə gəlib. Kim onun yerini öyrənib mənə xəbər gətirsə, boyunbağımı ona verəcəyəm.

Qızlardan Mələksuma adlı biri yaman gəzəyən idi. Şəhərdə hər nə olsaydı o saat bilərdi. O dedi:

-  Mən bu saat onun yerini öyrənib sənə deyərəm. Mələksuma bütün şəhəri gəzdi, Pəri dediyi boyda-buxunda oğlan

görə bilmədi. Qız öz-özünə fikirləşdi: "Yaxşı, mən Mələksuma olam, şəhərə bu sifətdə adam gəlsin, mən onu tapmayam? Bu olası iş deyil".

Bu fikir ilə evə gəlirdi, Mahmud bəyin qapısından baxanda gördü ki, Pəri xanım söylədiyi nişanda oğlan budu buradadı. Dedi: "Mənim qıçım sınsın. Mən hər yeri gəzmişəm, niyə buraya girməmişəm?".

Sevinə-sevinə Pəri xanımın yanına gəldi. Pəri xanım onu görən kimi dedi:

-  Ay qız, Mələksuma, bu gün mənim gözlərimin kökü saraldı, ürəyim partladı, de görüm nə xəbər gətirmisən?

Mələksuma dedi:

-  Xanım, əvvəl-əvvəl müjdəmi ver, sonra deyim. Verməsən demə-rəm.

Pəri xanım boyunbağını çıxarıb ona verdi. Mələksuma gülüb dedi:

-  Bunla uşaq aldadırsan?.. Üzüyüm yoxdu, qızıl üzük də ver, sonra deyim. Başmağım yoxdu, başmaq da ver sonra deyim. Dədəmə də bir dəst paltar, anama da bir çəpkən al, sonra deyim.

Pəri xanım onun dediklərinin hamısını verdi. Mələksuma gülə-gülə dedi:

-  Xanım, sən dediyin oğlan Mahmud bəyin evindədi. İlahı, o kimin yarı olacaqsa, bəxtəvər onun başına.

Pəri xanım çox sevindi. Axşamı salıb, bir dəstə qızla gedib Mahmud bəyin evinə girdi, aynanın qabağında dayandı. Bunlar aynaya baxan zaman Mahmud bəy üzünü Qurbaniyə tutub dedi:

-    Aşıq, başına dönüm, Şeyx gümbəzində sənə tapşırdığımı yadından çıxartma, bir neçəsini oxu, ürəyimiz açılsın.

Qurbani sazı götürüb kökləməyə başladı. Pəri xanımın bir dəstə qızla gəlməyi ona əyan olmuşdu. Sazı sinəsinə basıb görək nə dedi:

Ay ariflər, bu dünyanın üzündə
Təzəcə açılan güllər sevinsin!
Başı ağ ləkəli, gülgəz yanaqlı,
Telləri dağıdan yellər sevinsin!

Bu vaxt Pərinin üzünə yel dəyib, onun tellərini dağıdırdı. Onun üçün də Qurbani bu sözü deyirdi. Qurbani aldı gerisini:

Gəlsin bahar fəsli, açılsın yazlar,
Göllərə tökülsün ağ quba qazlar;
Bəynişan oğlanlar, şahzadə qızlar,
Onlarla danışan dillər sevinsin!

Qurbani der mən yemərəm narıncı,
Yar yara baxarmı belə zarıncı?
Almanı, heyvanı, narı, turuncu,
Onları oynadan əllər sevinsin!

Mahmud bəy dedi:

-   Ay aşıq, yaxşı oxudun, bir də oxu! Canla-başla hər nə istəsən xələtini verəcəyəm.

Qurbani dedi:

-  Nə deyirəm, oxuyum da. Aldı Qurbani:

Bir pərzad görmüşəm sizin ellərdə,
Çün cismü canimin namidarıdı;
Günəş nişanəli, qəmər misallı,
O cahan xubinin cülvədarıdı.

Dost bilsə yarının gəldiyin, neylər?
-Yar yolunda qara bağrını teylər;
Nəsihət qəmzənə ver ki, qan eylər,
Gözəllər şuxinin sitəmkarıdı.

Mahmud bəy dedi:

-  Aşıq, çox yaxşı oxuyursan. Ancaq nəbadə-nəbadə Pəri adı tutasan. Pəri xanım kənardan qulaq asırdı. Mahmud bəyin bu sözünü eşidib güldü. Qurbani Pəri xanımın güldüyünü görüb, sazı döşünə basdı, dedi:

Cəbinin təcəlla, cəmalın günəş,
Külli şeyün halik - Allah deyibdi.
İki qabi-qovsun, qürrətüleynin,
Bilmirəm qanıma nə susayıbdı.

Təbəssüm eyləyir hərdən nazənin,
Mərifət anlayıb, mənasın bilin;
Ya müşk-ənbərdi siyah kakilin,
Ya şəbi-yəldadı, ya rəqayibdi.

Elmin mədənisən, kərəmin kanı,
Sənsən bu dünyanın dari-imanı;
Qurbani, bəsdi, sən həddini tanı,
Məlayik üzünə durma, ayıbdı!

Qurbani oxumağını qurtaran kimi, Pəri xanım gedib lap pəncərə-nin qabağında dayandı. Qurbani dövran sürürdü, saz döşündə oynayırdı. Gözünü çevirib gördü ki, Pəri xanım pəncərənin lap qabağına gəlibdi. Qurbani onu görcək, ürəyi cuşa gəldi, sazı sinəsinə basıb, görək nə dedi:

Gecə-gündüz vaqtı-bivaqt ağlaram,
Çeşmim yaşı ceyhun olur, sellənir.
Yaz mövsimi bülbül dil-dil ötəndə
Bağ-bağçalar nərgizlənir, güllənir.

Qayıtmaq istəməz gözüm gözəldən,
Qayıtsa artırar dərdim təzə əldən*,
Ellərdə qaydadı ruzi-əzəldən,
Gözəllərin şamaması əllənir.

Mərd odu ki, işin tuta mərdilən,
Ər istəsən, keç namərddən, ər dilən,
Rəmz anlayan, söz düşünən, dərd bilən,
Aləmlərdə şöhrətlənir, bəllənir.

Könlüm tələb edib, axtarar yarın,
Xalq içrə zay eylər namusun, arın;
Yar yarına gündə olsa məqarün,
Könülü şad olur, ruhu tellənir.

Qurbaniyəm, dərd çəkmişəm nəhanlar,
Xəyalım sevməkdi sən tək cananlar;
Yanaşsa üzünə müştaq dəhanlar,
Nəfəs dəyər, cığaları yellənir.

Dövran qurtardı. Pəri xanım da qayıdıb evlərinə getdi, qızlara dedi:

-  Qızlar, muradımı aldım. Allah sizi də muradınıza yetirsin. Qurbaninin üzünü gördüm.

O biri tərəfdən Mahmud bəy də Qurbaniyə dedi:

-  Qurbani, axı mən sənə demişdim ki, Pəri adı tutmayasan. Sən genə də şərti pozub, Pəri adı tutdun.

Qurbani dedi:

-  Ay Mahmud bəy, vallah sözün qafiyəsi gəlmədi. Onun üçün qafi-yə yerinə dilim dolaşdı, bir Pəri sözü işlətdim. Məni bağışla, ta demə-rəm. Amma burası var ki, mən dediyim Pəri göydəki Pərilərdəndi.

Bəli, yatdılar, sabah açıldı. Mahmud bəy dedi:

-  Oğul, mən bazara çıxacağam. Nə təmənnan varsa, məndən istə. Xoşuma gəlirsən. Ölüncə səninlə dostam.

Qurbani dedi:

-  Səndən heç bir şey istəmirəm. Dünya malı mənə lazım deyil. Ancaq mənə bir adam qoş, gedim sazbənddən bir saz alım.

Mahmud bəy dedi:

-  Kəndlərdə mənim yaxşı dostlarım var. Gəl sənin əlinə kağız verim, get kəndlərdə aşıqlıq elə! Səni burada saxlamağa qorxuram. Gəncədə Dədə Yediyar adlı bir aşıq var, eşidər, sazını əlindən alıb, özünü də dustaq elər. İndi səni sazbəndin yanına göndərəcəyəm. Saz alıb, tez kəndlərə çıxarsan.

Qurbani dedi:

-  Yaxşı, bəy, sən məni sazbəndin yanına göndər, sonrası asandı. Mahmud bəy ona bir adam qoşub dedi:

-  Apar bunu sazbənd usta Bədəlin yanına. De ki, buna bir yaxşı saz versin.

Mahmud bəy qoşan adam Qurbanini sazbənd usta Bədəlin düka-nına gətirdi. Salamməleyk, əleykəssəlamdan sonra Qurbani ona dedi:

-  Usta, mana elə bir saz ver ki, öz-özünə süxənvərlik eləsin. Ustanın buna acığı tutub dedi:

-  Yox, sənə elə bir saz verim ki, gedib özü pul qazansın, gətirib səni də saxlasın. Bu bir tikə uşağın danışdığı sözə bax.

Qurbani dedi:

-  Usta, niyə acığın tutur. Bax, o asılan sazı istəyirəm. Usta qəzəblənib dedi:

-  Dədə Yediyar kimi usta aşıq o sazı çala bilmir, indi sən çalacaq-san? Get hələ ağzının qatığını sil!

Qurbani dedi:

-  Sən o sazı mana ver, gerisi ilə işin yoxdu.

Usta Bədəl sazı alıb acıqlı-acıqlı Qurbaniyə verib dedi:

-  Al, əgər bu sazı dindirə bilsən, pulsuz sənə bağışlaram, dindirə bilməsən, vay sənin gününə!

Qurbani sazı alıb döşünə, zilini zil, bəmini bəm eylədi, saz süxən-vərlik eləməyə başladı. Usta Bədəl bunu görəndə lap heyran qalıb dedi:

-  Oğul, o sazı sənə bağışladım. Əhsən sənin fərasətinə. Amma götür kirimişcə buradan get. Yoxsa Dədə Yediyar eşidər, aşına zəhər qatar.

Qurbani dedi:

-  Yox, usta, anam məni elə öyrətməyib. Sazı kirimişcə apara bilmə-yəcəyəm. Bir neçə bənd sənin üçün oxuyacağam, sonra aparacağam.

Usta Bədəl nə qədər elədisə, Qurbani razı olmadı. Götürsün görək, ustaya nə deyir:

Usta, bir qız sevdim sizin diyarda,
Cəmi gözəllərin o sərdarıdı;
Maşallah, aydı, həm gündü şöləsi,
Mömin kimsələrin səbəbkarıdı.

Usta Bədəl dedi:

-  Oxumağına yaxşı oxuyursan, amma birdən huri-Pəri adı çəkib mənim evimi yıxarsan ha!.. Sən allah, o adı çəkəcəksənsə oxuma, kiri-mişcə get!

Qurbani dedi:

-   Qorxma, mən Pəri adı-madı çəkməyəcəyəm. Aldı Qurbani gerisini:

Canan bilsə gəldicəyim, can eylər,
Canın dost yolunda ərğəvan eylər.
Qaşı cəllad, qəmzələri qan eylər,
Mələklər şahinin sitəmkarıdı.

Mənim dərsim əlifdədi, beydədi,
Bir gözəl sevmişəm, cana faydadı,
Desələr: Qurbani, bu nə sevdadı?
Söylə: bir Pərinin yadigarıdı.

Usta Pəri adını eşidən kimi dəxilin dalından çıxıb, Qurbanini itələyə-itələyə bayıra çıxartdı ki:

-  Ay qardaş, məni qana calamaq istəyirsən? Mənlə qardaş ki olmayacaqsan? Yeri get. Bir bölük çolma-çocuğum var, başımı kəsdirib düzlərdə qoyarsan.

Qurbani birtəhər qapının yanında dayanıb dedi:

-  Usta, qorxma, heç-zad olmaz, qoy axırını da deyim, sonra gedim. Usta nə qədər elədisə, Qurbanini sakit eləyə bilmədi. Sazı döşünə basıb dedi:

Bir Pəri sevmişəm, sizin ellidi.
Gözəlliyi hamılara bəllidi;
Şux göz, mina gərdən, incə bellidi,
Gecə-gündüz işim ahu-zarıdı.

Əcaib gözəldi, nə xoş dilbərdi,
Cəmalına cümlə aləm əfzəldi,
Ağzında dişləri ləlü gövhərdi,
Sinəsi dağların təzə qarıdı.

Qurbani der, zülfün ucu xəyətdi,
Qurandakı qulhuvəllah əhətdi;
Desələr sərində bu nə halətdi?
De ki, bir Pərinin yadigarıdı.

Usta Bədəl qışqırdı ki:

-  Ay aman, bunun ağzından qan iysi gəlir. Bu saat mənim balala­rımın başını kəsdirəcək. Mən gedirəm, dükanı da verirəm sənə. Sən ol, dükan olsun, istəyirsən axşama kimi oxu.

Usta Bədəl tələm-tələsik çıxıb getdi. Mahmud bəy qoşduğu adam da nə qədər yalvardı ki: "Qurbani, gəl gedək evə" - Qurbani razı olmayıb dedi:

-  Yox, mən evə getməyəcəyəm. Mən şəhərin arasına çıxacağam. Gəncə şəhərində bir daş mehmanxanası vardı. Kənardan gələn qəriblər, yersiz adamlar hamısı daş mehmanxanasının çayçısında olardı. Qurbani şəhərin arasına çıxıb, bir adamdan soruşdu:

-  Qəriblər bu şəhərə gələndə harada qalırlar?

O adam daş mehmanxanasını ona nişan verib dedi:

-  Bax, o mehmanxanada qalırlar, get ora.

Qurbani düz daş mehmanxanasına gəldi. Bu adam da birbaş qaçıb Dədə Yediyara xəbər verdi ki:

-  Ay oğlu ölmüş, nə durubsan? Şəhərə bir cavan aşıq gəlibdi, ta nə təhər? Bu saat daş mehmanxanasındadı.

Dədə Yediyar qəzəblənib dedi:

-  Ədə, mən Dədə Yediyar olam, mənim ölkəmə aşıq gələ, bu olası iş deyil! Bu saat gedib onun sazını əlindən alıb, özünü də dustaq elə-yəcəyəm.

Dədə Yediyar bayaqdan özünü saldı mehmanxanaya. Camaat hamı yığışmışdı Qurbaninin başına. Pəri xanım da qızları çəkib bir kənarda dayanmışdı. Dədə Yediyarı görən kimi bir kağız ona yolladı ki: "Necə ki sağsan, dolanacağını mən verəcəyəm. Sən Qurbanini sındırma. Onunla işin olmasın".

Dədə Yediyar başını bulayıb dedi:

-  Belə şeylər mənim başıma girməz. Mən Dədə Yediyaram. Hər yetirən çiyninə saz salıb, mənim yerimdə aşıqlıq eləyə bilməz. O ki, bura gəlib, iki qoçun başı bir qazanda qaynamaz. Ya bu şəhərdə o aşıqlıq eləməlidi, ya mən.

Dədə Yediyar meydana girib, Qurbanini öz cənginə dəvət elədi. Qurbani onun yanına gəlib dedi:

-  Ağsaqqal kişisən, xatirini saxlayıram. Hərifi uşaq-zad hesab eləmə! İndi baxarıq. De görüm, növbət sənindi, ya mənim?

Dədə Yediyar acıqlı dedi:

-  Ədə, sən nəsən ki, növbət də sənin olsun?! Bircə kəlmə ilə boğazını qurudub sazını əlindən alacağam, buna bax, mənimlə deyiş-məyə girişdiyinə bax!

Qurbani dedi:

-  Yaxşı, de gəlsin, cücəni payızda sayarlar.

Ustadlar deyirlər ki, bu məclisdə Dədə Yediyar Qurbaniyə üç qatar lap o çətin püxtə sözlərdən dedi. Bu sözlər elə sözlər idi ki, hələ heç kəs aça bilməmişdi. Biri peyğəmbərdən, biri imamətdən, biri də nəmruddan, Şəddaddan idi. Dədə Yediyar heç özü də bu qıfılbəndləri aça bilmirdi. O bunları öz ustadından öyrənib, sinədəftər eləmişdi. Hər yerdə ki, çətinliyə düşdü, bu üç qatarı dalbadal deyib, hərifi bağlardı, sazını əlindən alıb yola salardı. Odu ki, indi də bu sözləri Qurbaniyə dedi. Amma Qurbani haqq aşığı idi. Belə sözlərin qabağında aciz qalmazdı. Sözlərin üçünün də mənasını, məxrəcini açdı. Dədə Yediyar da, qulaq asanlar da mat-məəttəl qaldılar. Yerbəyerdən ona afərin dedilər. Qurbani sazın zilini zil, bəmini bəm eləyib basdı döşünə, təzənəni sim-ərə çəkib elə bir qıfılbənd dedi ki, Dədə Yediyar qaldı gözlərini döyə-döyə. İş bu yerə çatanda Qurbani irəli yeriyib Dədə Yediyara dedi:

-  Usta, mənim sənlə işim yoxudu. Sən özün elədin. Mən heç vaxt sənin kimi ağsaqqalın qabağında saz götürüb meydana çıxmazdım. Məni bağışla. Usta elə genə də sənsən. İzn versən, mən də özümü sənə şagird billəm.

Dədə Yediyar onun alnından öpüb, dönə-dönə alqışlamaqda olsun, indi sizə xəbər verim Qara Vəzirdən.

Qurbaninin gəlib Dədə Yediyarı bağlamağı Qara Vəzirə xəbər verildi. Qara Vəzir çox qəzəblənib dedi:

-  Onu boğazından asdıracağam. Onun nə həddi var ki, gəlib mənim şəhərimdə tüğyan eləyir. Dədə Yediyar kimi usta aşığı el içində xar eləyir.

Qara Vəzir əmr elədi, Qurbanini tutub zindana saldılar. Qurbani zindanda qalmaqda olsun, eşit Pəri xanımdan.

O biri tərəfdən Pəri xanım Qurbaninin zindana salınması xəbərini eşitdi. Gözlərinin yaşı ab-leysan kimi qırmızı yanaqları aşağı axmağa başladı. Sonra baş kəniz Şah-Xubanı çağırıb dedi:

-  Get, girəvələ, birtəhər zindanbana pul ver, Qurbanini zindandan çıxart, Hatəm bağçasına gətir. Mirvarı boyunbağımı, almas üzüyümü sənə verəcəyəm.

Şah-Xuban o saat zindanbanın yanına gəldi. Zindanbana bir ovuc qızıl verdi. Qızılı görən kimi zindanbanın gözləri işıqlandı. Qurbanini zindandan çıxarıb Şah-Xubana verdi. Şah-Xuban onu bir gizli yerdə pünhan eləyib dedi:

-  Mən Pəri xanımın xas kəniziyəm. Sən hələlik burada otur, axşam düşən kimi, Hatəm bağçasına gələrsən. Pəri xanım səni Hatəm bağçasında gözləyəcək.

Qurbani bunu eşidib çox şad oldu. Sazı götürüb Şah-Xubannan Pəri xanıma gör necə sifariş göndərdi. Aldı Qurbani:

Şah-Xuban, mənim ərzi-halımı,
Əlbət-əlbət nazlı yara deyərsən!
Xəstə düşdüm, qaldım onun kuyində,
Üzü dönmüş sitəmkara deyərsən!

Səni o görcəyin əlbət dindirdi,
Aşıq məşuqunu oda yandırdı,
Dərdim anbar-anbar, dərmanım birdi,
Mən qalmışam nə avara deyərsən!

Qazanmadıq bu dünyanın malını,
Geyinmədik yaşılını, alını;
Dirli Qurbaninin ərzi-halını
Yalvara-yalvara yara deyərsən!

Sonra Qurbani dillə də dedi:

- Şah-Xuban, sən get! Axşamdan bir saat keçəndən sonra Hatəm bağçasına Pəri xanımın hüzuruna özüm gələcəyəm.

Şah-Xuban gəlib Qurbanini qurtarmağını Pəri xanıma söylədi və onun sifarişini dedi. Pəri xanım çox şad olub axşamı gözlədi.

Bəli, Qurbani axşamı saldı, durub yavaşca üz qoydu Hatəm bağçasına. Ta ki, yaxınlaşıb gördü ki, bağın darvazası bağlıdı. Başladı bağın dörd tərəfini gəzməyə. Heç bir yandan yol tapmadı. Bir qədər də hərlə-nib, bir su kulufu tapdı. Naəlac qalıb başladı su kulufu ilə içəri girmə-yə. Qəzadan, bağa bir tülkü dadanmışdı. Ona görə də bağban gətirib haman kulufun ağzında tələ qurmuşdu. Qurbani istədi su kulufundan başını çıxartsın, birdən başı keçdi tülkü tələsinə. Çalışıb birtəhər başı­nı tələdən çıxartdı, girdi bağa. Özünü yetirdi hovuzun başına. Əl-üzünü yudu. Hər tərəfə baxdı, Pəri xanımı görmədi. Hovuzun başında bir sərv ağacı var idi, onun dibində oturdu. Çox qəmləndi. Sazı sinə-sinə basıb, gözlərini sim, göz yaşlarını təzənə eləyib, görək nə dedi:

Qəm əlindən sinə yırtdım, baş açdım,
Hicr əlində dadü bidad eylədim.
Özüm öz əlimlə yıxdım evimi,
Müddəilər evin abad eylədim.

Töxmü həsrət sinəm üstə əkdirdim,
Gözümün yaşıyla bəhrə yetirdim,
Cəfa çəkdim dərd xirmanı götürdüm,
Onun adın töhmətabad eylədim.

Gözlərimdən zərrə-zərrə yaş kəsdim,
Yar yolunda üz döşədim, baş kəsdim,
Şirin sevdim, Fərhad kimi daş kəsdim,
Onu Bisütunda abad eylədim.

Mələklər yığılmış sağü solumda,
Fələk məni qoymuş min dərd əlində,
Qurbani der, bivəfa yar yolunda,
Heyif, cavan ömrüm bərbad eylədim!

Qurbani sözün tamama yetirib, yuxuya getdi. O biri tərəfdən Pəri xanım bağa gəldi. Hər tərəfi gəzdi, Qurbanini tapmadı. Yorulub o da bir ağacın dibində oturdu. Qarabaşı da su gətirməyə göndərdi. Qarabaş gəldi hovuzun kənarına. Elə su doldurmaq istəyəndə baxdı ki, suda bir adam şəkli var. Qayıdıb yuxarı baxanda, gördü sərv ağacının dibində bir oğlan yatıb, elə bil on dörd gecəlik aydı, bulud altından çıxıb. Özünü itirib, qabı boş götürdü, Pəri xanımın yanına qayıtdı. Pəri xanım qabı alanda gördü boşdu. Acığı tutub dedi:

-  Çəpəl, mən səni suya göndərmişdim, bəs suyun hanı? Qabı boş gətirmisən.

Qarabaş cavab verdi:

-  Xanım, acığın tutmasın. Əgər mən görəni sən görsəydin, özün də bura gəlib çıxmazdın.

Pəri xanım soruşdu:

-  Nə gördün? Qız cavab verdi:

-   Hovuzun başında, sərv ağacının dibində bir oğlan yatıb, elə bil Yusifdi Kənandan gəlib.

Pəri bu sözü eşitcək qızları götürüb gəldi hovuzun başına. Gördü öz sevgilisi Qurbanidi burada yatıb. Pəri xanım on iki hörük saçların­dan bir tel ayırıb, görək nə dedi:

Şirin yuxusuna qurban olduğum,
Sərasim et, mehribanım, ay oğlan!
Bu həsrət gözlərim baxsın gözünə,
Təzələnsin din, imanım, ay oğlan!

Kənardan baxmaqla doya bilmirəm,
Üzüm üzün üstə qoya bilmirəm,
Xuban yanımdadı, deyə bilmirəm,
Aç gözünü, çıxdı canım, ay oğlan!

Artırma könlümün dərdi-sərini,
Yaxşı var, yaman var, bunda görünü,
Başına dolandır məzlum Pərini,
Aç gözünü, yox təvanım, ay oğlan!

Qurbani Pəri xanımın sözlərindən yuxudan ayıldı. Pəri xanımı başının üstündə gördü. Yerdən qalxıb, sazı görək nə dedi:

Gözlərini açıb sinəsinə basıb,

Bu gün nə xoş gündü, nə xoş saatdı,
Qədəm basdın, Pəri xanım, xoş gəldin!
Ləblərin aşiqə ab-həyatdı,
Təzələdin ruh-rəvanım, xoş gəldin!

Gözlərin nərgizdi, hüsnün mahtaban,
Açılıb gül, süsən, sünbül, ərğəvan,
Zanbağı, yasəmən, bərgi-ireyhan,
Fəsli-bahar gülüstanım, xoş gəldin!

Şad elədin Qurbaninin didarın,
Həsrətin çəkirdim sən kimi yarın,
Saldın bağa küllü cəmi dostların,
Gözəllər şahvarı canım, xoş gəldin!

Qurbani baxıb gördü ki, Pəri xanım saçlarını darayıb, bahar buludu kimi üzünə töküb. Onu görəndə eşqi cuşa gəldi, görək onun tellərini nə cür təriflədi:

Gündüzün mehridi, gecənin mahi,
Qüdrət üçün sirri-ilahi zülfün.
Ucun tutan gedər həşri-behiştə,
Möminlərin püştü pənahı zülfün.

Şəmsi mat elədi camalın şövqi,
Dəridə qalmadı qəmərin zövqi,
Katibin ərşi ki, cənnətin fövqi,
Nurdan sənə çəkmiş külahi zülfün.

Qurbani der: gözüm, yuxudan oyan,
O min bir adı, gəl, etgilən bəyan.
Sərasər yazılıb ayeyi-Quran,
Katiblər şərh edər, ənahi-zülfün.

Pəri xanım davam gətirə bilməyib, aldı, görək öz dərdini yarına nə dillə izhar elədi:

Altı yol gəlmişdim, bununla yeddi,
Öldüm bu bağçanı gəzə-gəzə mən,
Dedim: yar sevmişdim, unutdu, getdi,
Öldüm bu bağçanı gəzə-gəzə mən.

Gözüm doymaz sənin kimi canandan,
Cananın itirən tez olar candan,
İnanmırsan soruş Şahi-Xubandan,
Öldüm bu bağçanı gəzə-gəzə mən.

Pəri sənə qurban, dirili Qurban!
Yolunda fədadı bu baş ilə can!
Bir əlimdə fanus, yanımda Xuban,
Öldüm bu bağçanı gəzə-gəzə mən!

Aldı Qurbani görək onun cavabında nə dedi:

Şəb-nişin eləyib yola düşmüşəm,
Yar, mənim gəldiyimi bilmədinmi sən?
Dərdini çəkməkdən dəli olmuşam,
Yar, mənim gəldiyimi bilmədinmi sən?

Mən qurbanam sənin kimi canana,
Olmuşam dərdindən dəli-divana,
Dağılsın otağım, ev ilə xana,
Yar, mənim gəldiyimi bilmədinmi sən?

Qurbani deyər: sən sonasan, sona,
Bir zaman görməsəm yanaram, yana,
Qarabaş göndərdim əhdi-peymana,
Yar, mənim gəldiyimi bilmədinmi sən?

Pəri xanım qarabaşları dağıtdı. Şah-Xubanı qaravulçu qoydu. Sonra Qurbanini də götürüb mənzilinə gəldi, başladı söhbətə. Tainki sabaha yaxın onları yuxu tutdu. Qol-boyun olub yatdılar.

Bir zaman Pəri xanım oyanıb gördü ki, gün çıxıb hər yeri işıqlandırıb. Tez Qurbanini durğuzub dedi:

- Ay aman, tez ol get! Qara Vəzir bilsə səni də öldürəcək, məni də.

Qurbani bunu eşitcək gülümsünüb Pəriyə belə cavab verdi:

Ey Salatın aşıqların sərində,
Sənin zülfün kimi biştab olmaz.
Cəmalına, Pəri, müştaq olalı,
Bidar olan gözlərimdə xab olmaz.

Misir şəhri derlər ona varmışam,
Yusif-Kənan sevdasına girmişəm,
Mən fələk ayını göydə görmüşəm,
Yerdə sənin kimi mahitab olmaz.

Qurbani der: budu səndə nəzərim,
Mən səni sevmişəm gül üzlü yarım;
Ta sən sağ ol, şirin dilli nigarım,
Mən ölsəm bu aləm heç xarab olmaz.

Qurbani sözün qurtaran kimi, Pəri Qurbaninin əlindən yapışıb dedi:

-  Qurbani, Allahı sevirsən get! Vəzir gəlib görər, səni də öldürər, məni də.

Qurbani dedi:

-  Pəri, sən allah qulaq as, bircəsini də deyim, sonra gedim. Qorxma heç zad olmaz.

Pəri çar-naçar razı oldu. Aldı Qurbani, görək nə dedi:

Səhər bülbülləri nə fəğan eylər,
Düşərsə güzarı çəməndən ayrı.
Səhər-səhər qönçəsindən ayrılan
Şəqayiqlər gülməz səməndən ayrı.

Yanında dayanan yoldaşların var,
Sirrini saxlayan sirdaşların var,
Sənin elin, günün, qardaşların var,
Mənim kimsənəm yox, yar, səndən ayrı.

Dedim, Pəri, nə elərsən məhpara,
Mənim həsrət gözüm heç uymaz xara,
Bir qətrə yaş tökdün bir də dübara,
Əqiqdən, yaqutdan, yəməndən ayrı.

Qurbani der: məgər axır zamandı?
Sevgi sevgisindən ayrı yamandı,
Bağrım dəlik-dəlik, sinəm peykandı,
Mənim üzüm gülməz vətəndən ayrı.

Qurbani sözünü qurtarıb, Pəri ilə öpüşdü, görüşdü, bina qoydu getməyə. O biri tərəfdən Qara Vəzir durub getdi zindana ki, görsün bu Qurbani deyilən necə aşiqdi. Bütün zindanı axtardılar, dustağı tapa bil-mədilər. Vəzir ordan bir baş yügürdü xanın yanına ki:

-  Xan, bu gecə Qurbani yox olub.

Ziyad xan bu sözü eşitcək qəzəblənib dedi:

-  And olsun Allaha, bu gün onu tapdın, canın qurtardı, tapmadın, sənin nəslini yer üzündən kəsəcəyəm.

Vəzirin canına qorxu düşüb dedi:

-  Xan, aman ver, harada olsa axtarıb taparam.

Vəzir yola düşüb, Qurbanini axtarmaqda olsun, Qurbani düz birbaş Ziyad xanın yanına getdi. Ziyad xan ondan kim olduğunu soruşdu. Qurbani dedi:

-  Xan, mən Qurbaniyəm. Zindandan çıxıb, sənin yanına gəlmi-şəm. Boyun mənim, qılınc sənin!

Ziyad xan qəzəblənib dedi:

-  Nə hədlə mənim zindanımdan qaçmısan?! Bu saat səni tikə-tikə doğradacağam! Hələ sənin bu şəhərə gəldiyin bəs deyil, zindandan da qaçırsan?! Cəllad!

Cəllad hazır olub dedi:

  • Xan, mənim üçün nə buyruq? Kimi deyirsən bu saat öldürüm. Ziyad xan dedi:
  • Bu aşığı bu saat öldürərsən.

Qurbani gördü ölüm vaxtıdı, Ziyad xan onu öldürür, üzünü ona tutub dedi:

-  Xan sağ olsun, aman ver bir neçə söz deyim, sonra genə öldürər-sən, ixtiyar sənindi; əlindən ki, alan yoxdu.

Ziyad xan icazə verdi. Aldı Qurbani görək nə dedi:

Başına döndüyüm, ay xanlar xanı, Könlümün mətləbin bil, ondan öldür! Sən ol Tanrı, mənə qəzəbnak olma, Lütf elə, üzümə gül, ondan öldür!

Qəm əhliyəm, dindirməsən dinmərəm, Eşq oduna alışmışam, sönmərəm. Ta ölüncə dediyimdən dönmərəm, Apar yar qoynuna sal, ondan öldür.

Qurbaniyəm, eşq əlindən büryanam, Ta ölüncə mən o qıza qurbanam. Qulluğunda gözü bağlı tərlanam, Çalış, şikar bəndin al, ondan öldür!

Adamlar yerbəyerdən xana minnət eləyib dedilər:

-  Xan, aşığın ah-vəbalı tutar, şəhərimiz viran olar. Bunu öldürmə. Bu, aşıq olub, məşuqunun dalınca gəzir.

Ziyad xan baxdı ki, doğrudan da Qurbani öldürməli oğlan deyil. Özü də çox ağıllı-kamallı aşıqdı. Ona ürəyi yanıb cəlladı azad elədi, dedi:

-  Səni öldürməyib, cavanlığına bağışladım. Get bir də qatırçının qatırını ürkütmə. Tez, bu saat Gəncədən çıx! Əgər Gəncədə qalsan, səni öldürtdürəcəyəm.

Qurbani ondan razılıq eləyib, yanından çıxdı, düz Mahmud bəyin evinə gəldi. Mahmud bəy ona çox hörmət-izzət eləyib dedi:

-  Qurbani, doğrusunu de görüm, sən bu Gəncə şəhərinə nə mət-ləbə gəlmisən?

Qurbani dedi:

  • Bəy, mən aşiqəm, məşuqumun dalınca gəlmişəm. Mahmud bəy dedi:
  • Kimə aşiqsən? Düzünü de, heç gizlətmə. Qurbani dedi:

-  Bəy, mən haqq aşiqiyəm. Haqq aşiqi yalan danışmaz. İzn ver, nə mətləbə gəlmişəm, onu sazla deyim.

Mahmud bəy dedi:

-  İzndi, deyə bilərsən.

Qurbani sazı döşünə basıb, zilini zil elədi, görək nə mətləbə gəldi-yini nə cür dedi:

Başına döndüyüm Gəncənin bəyi, Mətləbimdi, Pəri üçün gəlmişəm. Buyur cəlladlara töksün qanımı, Mətləbimdi, Pəri üçün gəlmişəm.

Kiçiklərdən xəta, böyükdən əta, Mərd igid odu ki, dediyin tuta, Şahlar şahı mənə veribdi buta, Mətləbimdi, Pəri üçün gəlmişəm.

Heç çıxmadım nazlı yarın köşkünə, Bulanmadım, ənbərinə, müşkünə, Tərəhhüm eylə mən qərib miskinə, Mətləbimdi, Pəri üçün gəlmişəm.

Qurbani der: diriliyəm, mən diri, Yolunda qoymuşam can ilə səri, Axtardığım yardı, şikarım Pəri, Mətləbimdi, Pəri üçün gəlmişəm.

Mahmud bəy dedi:

-  Deməli, sən mənim əmim qızı Pəriyə aşiq olmusan? Mən elə bilirdim başqasına aşiqsən. Qurbani, bu çox çətin məsələdi. Pərini sənə verməyəcəklər. Ancaq sənə bir yol göstərəcəyəm, o yolnan getsən, bəlkə əmim Ziyad xanın sənə ürəyi yana, qızını verə. Qurbani, gedib Ziyad xanın qapısında olan elçi daşının üstündə oturarsan. Vəzir ilə Ziyad xan gəlib bazara gedəndə səni görəcəklər. Əmim vəziri yanına göndərəcək ki, get gör aşıq nə istəyir. Vəzir gəlib sənə nə desə, yaxın durma. Dünya malına aldanıb, daşın üstündən qalxma. Elə yerində otur ki, otur. Sonra səni əmim çağıracaq. Onda dərdini əmimə açıb de. Əmim rəhmkar adamdı. Ümidim var ki, haqq aşıqlığına nəzərən, Pərini sənə versin.

Qurbani, Mahmud bəy dediyi kimi, gəldi Ziyad xanın elçi daşının üstündə oturdu. Sabah ertəsi Ziyad xan ilə vəzir bazara gedirdi, Ziyad xan gördü ki, elçi daşının üstündə bir aşıq oturub. Üzün vəzirə tutub dedi:

-  Vəzir, get gör o aşıq nə istəyirsə ver, onu razı yola sal. Bax, deyirəm ha, incitmə. Necə deyərlər: yaxşı saxla aşığı, bədnamçıdı, el gəzər. Elə elə ki, bizdən razı getsin.

Vəzir ikiqat olub, düz Qurbaninin yanına gəldi. Axı Vəzir Qur-banini görməmişdi, odu ki, onu tanımadı, Qurbani olduğunu bilmədi. Soruşdu ki:

-  Aşıq, nə istəyirsən? Nə mətləbə elçi daşının üstündə oturmusan? Mal istəyirsən, mal verim, torpaq istəyirsən, torpaq verim, şəhər istə-yirsən, şəhər verim. Dur, buradan get!

Qurbani dedi:

-  Xeyr, sən dediyin şeyləri istəmirəm. Heç yerə də getməyəcəm. Vəzir hər nə dedi, Qurbani razı olmayıb, elə "xeyr" dedi. Axırda

vəzirin acığı tutub dedi:

-  Sənin xeyir günün olmasın, bəs sən burada niyə oturmusan ki, heç şey də istəmirsən? İndi ki, belədi, lap istəyirsən ölüncə otur.

Vəzir bunu deyib çıxıb getdi. Ziyad xanla axşama kimi bazarda girləndi. Axşam qayıdıb evə gələndə gördü ki, aşıq hələ də elçi daşı-nın üstündədi. Xan qəzəblənib dedi:

-  Vəzir, sən o aşığı niyə razı eləyib yola salmamısan? Heç olası işdimi? Aşıq bütün gün elçi daşının üstündə oturub. Ağanın malı gedər, nökərin canı deyiblər, görməmişdik, onu da gördük. Bəs səhər o aşıq sənə nə dedi, sən ona nə dedin?

Vəzir dedi:

-  Xan sağ olsun, dünyada olan bütün şeyləri ona boyun oldum, istəmədi.

Xan özü Qurbaninin yanına gəlib gördü ki, dünən hüzuruna gələn aşıqdı, dedi:

-  Aşıq, məndən nə istəyirsən? Axı mən dünən sənə əmr elədim ki, Gəncədən çıxıb gedəsən. Niyə getməmisən?

Ziyad xanın ağzından bu sözlər çıxan kimi, Qurbani sazı köy-nəyindən çıxarıb, görək ona nə dedi:

Bir Pəri sevmişəm sizin ellərdə,
Məni camalına heyran eylədi.
Bunca bir gözəli bulmadı könül,
Gəzdi bu cahanı, seyran eylədi.

Əsli şahzadədi, ismidi Pəri,
Yolunda qoymuşam can ilə səri,
Bir təklif eylədi, getdim içəri,
Dindirdikcə könlüm xəndan eylədi.

Gümüş piyaləlim, altun ayaqlım,
Sürahı gərdənlim, qaymaq dodaqlım,
O ceyran yerişlim, ayna qabaqlım,
Qurbani der: məni candan eylədi.

Vəzir çoxbilmiş adam idi. Qurbaninin sözlərini anladı. Onun mətləbini başa düşdü. Üzünü xana tutub dedi:

-  Xan sağ olsun, aşıqdı da. Ağzına gələn sözü deyir. Fikir vermə, dur gedək.

Qurbani dedi:

  • Xan, izn ver, birini də deyim, gör səndən nə istəyirəm. Ziyad xan dedi:
  • De görək, nə istəyirsən? Aldı Qurbani dedi:

Ellər köçdü yaylağına, dayandı,
Sizin dağdan qar almağa gəlmişəm.
Könul quşu dövr eyləyir bu bağda,
Zənbur mənəm, bar almağa gəlmişəm.

Sevgilimin qaşı Kəbə küncüdü,
Mən öləndə kimlər onu yöncüdü?
Ağız süddü, diş dürr, dəhan incidi,
Sərraf mənəm, nar almağa gəlmişəm.

Başına döndüyüm, şahların şahı,
Səni gördü gözüm, çəkmərəm ahı,
Qurbani der: budu sözün kütahı,
Müxtəsəri, yar almağa gəlmişəm.

Ziyad xan dedi:

-  Vəzir, heç kəs cürət edib mənim gözlərimin içinə bu sözü deyə bilməzdi. Bu aşıq cürət eləyib söylədi. Görürsənmi, o mənim qızımdan ötrü gəlib. De görüm, nə tədbir tökürsən?

Vəzir dedi:

-  Xan, fikrini-zadını dağıtma. Burda tədbir-zad yoxdu. Belə demək-də, sən qızını vermək istəyirsən, nədi?

Ziyad xan dedi:

  • Mənim fikrim budu ki, bu aşığı buradan boş qaytarmayım. Vəzir dedi:
  • Xan, Pəri kimi qızı bir aşığa vermək Xan dedi:

-  Vəzir, aşığın ah-naləsindən qorxuram. Mən onu buradan boş qaytara bilməyəcəyəm.

Vəzir dedi:

-  İndi ki, sənin könlünün quşu uçdu, qoy onu bir imtahana çəkək. Əgər imtahandan çıxsa, görsək ki, həqiqi haqq aşığıdı, qızı verərik, sözüm yoxdu.

Xan razı oldu. Vəzir Qurbanini bir otağa saldı. Gözlərini bərk-bərk bağladı. Qırx cəlladı düzdü, dedi:

-   Əlinizi qoyun qılıncın dəstəsinə. Münəccim deyil, rəmdar deyil, nə biləcək?

Cəlladlar vəzirin dediyi kimi elədilər. Vəzir dedi:

-   Qurbani, bu saat burada nə var, tap görək? Qurbani təzənəni simlərə çəkib dedi:

Dedim: könül, sevmə xublar xubunu, Onun hər muyunda yüz min qal olu. Səni min bəlayə giriftar elər, Bilmək olmaz qəbzəsində əl olu.

 

Qurbani bunu tapdı. Vəzir o saat işarətlə cəlladlara qandırdı ki, qılıncın dalını ona tərəf qaldırsınlar.

Cəlladlar qılıncın dalını ona tərəf qaldırdılar. Vəzir nə elədiklərini ondan soruşdu.

Aldı Qurbani, görək nə cür cavab verdi:

Qırxlar məclisində söylənir adım, Ərşə bülənd olub dadü fəryadım; Su yerinə qan içici cəlladım, Bilmək olmaz, üryan qılınc dal olu.

 

Vəzir baxdı ki, Qurbani bunu da tapdı. O saat qızı Nigarın qulağına dedi:

-   Qızım, indi sən tədbir tök! Nigar dedi:

-  Dədə, bu aşığı dolaşdırsam, mənə nə verərsən? Elə iş eləyim ki, bu aşıq tapmasın.

Vəzir dedi:

-   Qızım, hər nə istəsən verərəm. Qız dedi:

-   Pəri xanımın çənəsinin iki tərəfində qoşa xal var. Qoy bilsin ki, ürəyimizdən nə keçir. O hardan tapacaq ki, bizim ürəyimizdən Pəri xanımın çənəsində olan dörd xal keçir?

Vəzir Qurbaniyə dedi:

-   Qurbani, tap görək bizim ürəyimizdən bu saat nə keçir?

Aldı Qurbani sözün gerisini:

Camalı Yusifin-İbni Yəqubun, Aləmə şəms olan hüsnü həbibin, Ala gözlü, şirin sözlü məhbubun Zənəxdanı dörd şöləli xal olu.

 

Bu sözdən Nigar lap xırp kiridi. Məəttəl qalıb dedi:

-  Daha mənim bu aşığa heç sözüm yoxdu. Dədə, sən özünü pis kişi eləmə! Bu haqq aşığıdı. Hər şeyi bilir. Qoy Pəri xanımı versinlər ona.

Vəzir dedi:

-  Ay qız, dəli olma! Bəlkə mən öləm, bu aşıq Pəri xanıma sahib

ola.

Qurbani vəzirin sözünə gülüb, aldı gerisini, görək nə dedi:

Günəş nə yandırıb, qəmər nə yaxar, Qətrələr oynayıb, ümmana axar, Qurbani der: kim şahına kəc baxar, Onun kəmalına tez zəval olu.

 

Bu imtahanda Pəri xanım da kənarda durub tamaşa eləyirdi. O, bu işlərin hamısını görürdü. Elə ki Qurbani vəzirin bu imtahanından çıxdı, o şad olub, şükr elədi. O biri tərəfdən vəzir çox məyus olub, qəm dəryasına qərq oldu. Nigar xanım dədəsini kefsiz görüb dedi:

-  Dədə, qəm yemə! Qurbanini dolaşdırmaq mənim boynuma. Nigarın da fikri bu idi ki, birtəhər eləyib, Qurbaniyə özü getsin.

Nigar bir cövüz ləpəsini bir məcməyiyə qoyub, üstünü bərk-bərk örtdü, gətirib aşığın qabağına qoydu, dedi:

-  Aşıq, çörək ye, sonra genə də başlarsan. Qurbani dedi:

-   Sənin heç payın çox olmasın! Aşıq məclis yaraşığıdı. Aşığı da belə qarşılayarlarmı? Sənin çörəyini mən sazla yeyəcəyəm.

Aldı Qurbani:

Ayın lam içində, sin arasında, Yar mənə göndərdi bir cövüz indi. Aylar, illər həsrətini çəkdiyim, Lütf eylə ləbimə bircə üz indi.

Gözəllər yığılıb qıya baxanda, Zülfü dal gərdəndə qıya baxanda. Nigar pəncərədən qıya baxanda, Ömrümün rişəsin bircə üz indi.

Nigar xəlvətcə qızlara dedi:

-   Qızlar, daldada gözlərinizə sürmə çəkin. Onu bilməyəcək. Qızlar daldaya keçib, gözlərinə sürmə çəkməyə başladılar.

Aldı Qurbani:

Gözəllər oturmuş göz bulağında, Sürmə tək qovuldum göz bulağında, Qüdrət çeşməsində, göz bulağında, Qurbani, çalxanıb bircə üz indi.

Qurbani ikinci imtahandan da qurtardı. Nigar Mahi qarabaşı Pərinin paltarı ilə bəzədi, Pərinin şəklinə saldı, Qurbani olan evə gətirib dedi:

-  Apar, get saqini ver öz sevginə! Haqq aşığıdı. Sən onunsan, o da sənin.

Pəri xanım kənarda oturmuşdu, qorxusundan dinə bilmirdi. Ancaq əli göydə dua eləyirdi ki, Qurbani imtahanlardan çıxsın. Mahi qarabaş Qurbaniyə tərəf gələndə aldı Qurbani, görək nə dedi:

Alçaq yerdən duman qalxa, Dağı dolana-dolana. Göy üzünü alar bulud, Mahı dolana-dolana.

Kimi ağa, kimi nökər, Nökər olan cəfa çəkər, Bülbül ağlar, qan-yaş tökər, Bağı dolana-dolana.

Pəri xanım davam gətirməyib, istədi yerindən qalxıb, saqini Qurba-niyə versin. Nigar onu yerə basıb qoymadı. Qurbani bunu hiss etdi.

Aldı gerisini:

Qurbani murada yetdi, Canan gəldi, burdan ötdü,


 

Nobat gəldi, mana yetdi, Saqi dolana-dolana.

Qurbani üçüncü imtahandan da qurtarıb, dördüncü imtahana addadı. Nigar bir qoyun kəsdirdi. Pəri xanıma da bir alma verib dedi:

-  Al, bu almanı kəs, camaata payla.

Pəri xanım almanı doğrayıb camaata paylamaq istəyirdi, birdən fikri dağıldı, barmağını bıçaq kəsdi. Amma özü bilmədi. Əli ilə tellə-rini geri eləmək istəyəndə birdən barmağının qanı sıçrayıb buxağına düşdü. Bunu onların heç biri bilmədi, ancaq təkcə Nigar gördü. Nigar o saat bərkdən aşığa dedi:

-  Aşıq, aradan nə keçdi? Onu tapsan bilərəm ki, haqq aşığısan ki, haqq aşığı.

Qurbani dedi:

-  Xanım, darıxma, bu saat deyərəm. Aldı Qurbani:

Başına döndüyüm, alagöz Pəri, İşin qurub otağında saqinin. Çahar zülfü bir-birinə vurulu, Qanlar oynar buxağında saqinin.

Nigar baxıb gördü ki, Qurbani bunu bildi. Qoyunun qara bağrından bir qədər götürüb ocağa tutdu. Qurbanidən aradan nə keçdiyini soruşdu.

Aldı Qurbani:

Ay ilə gün bir-birinə çatılı, Sevdiciyim yağnan bala qatılı, Doğram-doğram olub gözə tutulu, Qara bağrım bıçağında saqinin.

Humay kimi dövr eylərəm havada, Babam öldü, yetim qaldım yuvada, Bir əli əllərdə, ağzı duada, Bir əli də ayağında saqinin.

Qurbani der: bu dərd məndə qalınca, Canım çıxıb yar xətrini alınca; Payız gecələri sabah olunca, Çeşmim yağı çırağında saqinin.

Nigar xanım o saat Pəri xanımın çarqatına bircə qırnıq sürmə çəkdi. Bunu ancaq Nigar bildi. Ondan başqa heç kəs bilmədi. Öz-özünə fikirləşdi ki, bunu Qurbanidən soruşacağam, görək biləcək, ya yox?

Qurbani bunu hiss etdi, aldı görək nə dedi:

Nəzakət vaxtında, xublar çağında
Baxdım yar yanağı sayalanıbdı.
O alma yanağı, büllur buxağı,
O zəhri zülfləri halqalanıbdı.

O zəhri zülfləri, köksündə çəprəs,
Zər zərbab üstündən, ətlası çərkəs,
Yaxası mürəssə, çatqısı Gülgəz.
Çarqatının ucu sürmələnibdi.

Qurbaniyəm, dərdim etdim hekayət,
Kimlərdən eyləyim kimə şikayət?
Pərim bir görünə, edəm ziyarət,
Canım yar yolunda cəfalanıbdı.

 

Vəzir dedi:

-   Qurbani, bir şərtim də var. Yerinə yetirsən, Pərini sənə verə-cəyəm, yetirməsən boynunu vurduracağam.

Qurbani dedi:

-  Vəzir, nə qədər şərtin varsa, de gəlsin, razıyam. Qurbaninin gözlərini daha da bərk bağladılar. Qara Vəzir bir dəstə

qız topladı. Başladı qızları bir-bir Qurbaninin qabağından keçirməyə ki, Qurbani onları tanısın.

Qurbani sazı döşünə basıb, başladı qızları birbəbir nişan verməyə.

Nə əcəb sevdaya düşdüm,
Deyin, bundan Pərim gəlsin!
Əcəl şərbətini içdim,
Deyin, bundan Pərim gəlsin!

Dağların başı dumandı,
Didəmin yaşı ümmandı,
Bu gələn Şah-Xubandı,
Deyin, bundan Pərim gəlsin!

Yolunda qoymuşam canı,
Kirpikləri tökər qanı,
Bu gələndi Şəhrəbanu,
Deyin, bundan Pərim gəlsin!

Əyninə geyib qırmızı,
Yalav-yalav yanır üzü,
Bu gələn vəzirin qızı,
Deyin, bundan Pərim gəlsin!

Mən ağlaram zarı-zarı,
Bu zülmü götürməz tarı,
Bu gələn Qurbani yarı,
Əcəb gəlsin, Pərim gəlsin!

Qurbani bu imtahanlardan da çıxdı. Nigar dedi:

-   Dədə, mən bunun öhdəsindən gələ bilmədim. Hər nə fənd-fel elədim tapdı. İndi çarə qalıb ki, onu məkrə salam.

Vəzir dedi:

-  Nə eləyirsən elə, qızım, axırı ki, bir təhər elə onu şərə sal, öldürək. Nigar dedi:

-  Onu Pəri ilə bir otaqda qoyub gedərəm, sonra onun başına oyun gətirərəm.

Nigar gecəyarını verdi araya, dedi:

-  Pəri xanım, sizə zülm elədilər. Sizi biri-birinizdən ayırırlar. İndi mən sizə bir yaxşılıq eləmək istəyirəm. Sizi burda tək qoyub gedəcəyəm. Heç olmasa bir doyunca görüşün, danışın.

Nigar onları aldadıb, aynadan o biri tərəfə keçdi, orada gizləndi. Qurbani ilə Pəri içəridə qaldılar. Qurbani sazı götürüb dedi:

Qəm yemə, qəm yemə, divana könlüm,
Həmişə ruzigar belə dar olmaz!
On bir il çəkmişəm zimistan qəhrin,
O nə güldü, çevrəsində xar olmaz?!

Siyah zülfü daraq ilə dara gör!
Öz könlünü öz dərdinə dara gör!
Gözəllərin neçəsini dərə gör!
Özgə bağda belə heyva, nar olmaz!

Əgər şahdan bizə qəzəb olmasa,
Qəzab atəşindən əzab olmasa,
Ortalıqda çuğul, kəzzab olmasa,
Dünya bahar olar, boran, qar olmaz!

Hər bir adam öz yerində oturmaz,
Ağlın zaya verməz, fəhmin itirməz,
İgidlər könlünə şikvə gətirməz,
Necə dağdı quzeyində qar olmaz?!

Sənsən Qurbaninin gülüzlü yarı,
Qalsa qürbət eldə, artar azarı,
Sağ olsun dünyada vəfalı yarı,
Bir mən ölməgilən dünya tar olmaz.

Nigar baxdı ki, onun gizləndiyini Qurbani bilibdi. O saat qapıdan içəri girib dedi:

-  Qadanızı alım, mən elə zarafat eləyirdim. İndi çıxıb gedirəm, söhbət eləyin.

Nigar gedib bağda gizləndi ki, görsün bunlar necə görüşürlər. Bunu da Qurbani hiss elədi, aldı görək nə dedi:

Ay ağalar, ay qazılar, Yar yaman allatdı məni. Əl atdım yarın dəstinə, Yar kənara atdı məni.

Tor qurdum çeşmim gölünə, Qurbanam sonam telinə, Düşdüm dilbilməz əlinə, Aldı, ucuz satdı məni.

Qurbanidi mənim adım, Adəm atadı bünyadım, Şeş atdım, çahar oynadım, Axır fələk uddu məni.

Nigar baxdı ki, Qurbani onun gizləndiyini genə də bilib, geri qayı-dıb dedi:

-  Vallah, getmək istəyirəm gedəm, amma sizin söhbətinizdən ayrı-lıb gedə bilmirəm. Məni bağışlayın, daha gedirəm. Lap arxayın söhbət eləyin.


 

Nigar bu dəfə doğrudan da çıxıb getdi. Amma Pəri ondan şübhəli idi. Bilirdi ki, Nigar xəbisin, əyyarın biridi, genə də gizlənə bilər. Odu ki, Qurbaninin heç üzünə də baxmayıb bir tərəfdə, üzü də o tərəfə dayandı. Qurbani elə bildi ki, Pəri ondan küsüb. Odu ki, sazı döşünə basıb dedi:

Durub dolanım başına, Aşığından küsən dilbər! Gözlərini tik gözümə, Nə mən dinim, nə sən dilbər!

Mina qəddin zəbərcəddi, Nə desən cana minnətdi, El köçüb, otaq xəlvətdi, Gəlsən alam busən dilbər!

İtirmişəm maralımı, Bir sinəsi yaralımı, Günüz səbr-qəralımı, Gecə yuxum kəsən dilbər!

Qurbani özünə bəydi, Yar həsrəti qəddin əydi, Nə dedim xətrinə dəydi, Bu mən dilbər, bu sən dilbər41.

Pəri arxayın oldu ki, Nigar çıxıb gedib, Qurbaniyə tərəf döndü. Qurbaninin ürəyi atlandı, başı havalandı, gözləri doldu, alıb dedi:

Yar, səni ədalət bildim, Mən qapına dada gəldim. Çox cəfa çəkdim yolunda, Ömür verdim bada gəldim.

Ləbin içib çeşmim qanı, Olmuşam cəllad qurbanı, Qoynundu əttar dükanı, Nə əcəb bu dada gəldim42.

Qurbanidi mənim adım, Movlamdan aldım muradım; Sinəndi çarşım, bazarım, Şəkərə, nabata gəldim.

Pəri xanım on iki hörük saçlarından bir tel ayırıb döşünə basdı, görək Qurbaniyə nə dedi:

Dərdim alım, əsmər oğlan, Dur gəl qoynuma, qoynuma! Yazıq canım sana qurban, Dur gəl qoynuma, qoynuma!

Cavabında aldı Qurbani:

Ala gözlü, nazlı Pəri! Yox, Pərim, gələ bilmərəm. Sənə qurban canü sərim, Yox, Pərim, gələ bilmərəm!

 

Aldı Pəri xanım:

Otağına qədəm basdıq, Qəsdim budu: qatam dostluq; Salım döşək, qoyum yastıq, Dur gəl qoynuma, qoynuma!

 

Aldı Qurbani:

Nigar pəncərədən baxar, Üzüyün barmağa taxar, Məkr elər, evimiz yıxar, Yox, Pərim, gələ bilmərəm!

 

Aldı Pəri xanım:

Mən Pəriyəm, boyum bəstə, Zülfüm dal gərdəndə dəstə, Yerin sallam sinəm üstə, Dur gəl qoynuma, qoynuma!

Aldı Qurbani:

Özüm gördüm ərənləri, Mənə badə verənləri, Qurbaninin nadan yarı, Yox, Pərim, gələ bilmərəm!

Qurbani gedib ayrı otaqda yıxıldı yatdı. Pəri də bu otaqda qaldı. Səhər açıldı, sabahınız xeyir olsun, vəzir qızı Nigarın yanına gəlib dedi:

-   Qızım, neylədin? Qurbanini dolaşdıra bildinmi? Nigar dedi:

-  Dədə, mən heç zad eləyə bilmədim. O haqq aşığıdı, hər nə fənd qursan bilir. İndi özün nə eləyirsən elə.

Bunlar bu danışıqda idilər, bir nəfər gəlib vəzirə dedi:

-  Səni Ziyad xan çağırır.

Vəzir durub Ziyad xanın yanına gəldi. Ziyad xan üzünü ona çevirib dedi:

-  Vəzir, sən güclü adamsan. Gərək ədaləti də nəzərdə tutasan. Qurbaniyə bu qədər zülm elədiyimiz bəsdi. Gəl qızı verək, varıb getsin. O haqq aşığıdı. Biz onun könlünü sındıra bilmərik. Əvvəl-axır qız onundu, sən oğluna ala bilməyəcəksən.

Vəzir dedi:

-  Xan sağ olsun, mənim bir imtahanım da var. Gedək onu da eləyək. Tapsa, sözüm yoxdu, verək getsin.

Xan razı oldu. Vəzir əmr elədi Qurbanini gətirdilər bağa. Gözlərini bərk-bərk sarıyıb bir alma ağacının dibinə apardılar. Payızın axırı idi. Bərk soyuq idi. Ağacların yarpaqları tökülmüşdü. Alma ağacının ba­şında bir neçə alma qalmışdı. O biri tərəfdən Pəri xanıma xəbər verdilər ki, Qurbanini bağa apardılar. Bu dəfə vəzir onu öldürtdürəcək, başına çarə qıl! Pəri xanım qızlardan da bir neçəsini götürüb, ayaqya-lın, başaçıq özünü yetirdi bağa. Qurbani Pəri xanımın gəlməyini başa düşdü, sazı götürdü görək nə dedi:

Axşamdan yağan qar çıxıbdı dizə, Kəsilib bulaxdan yolu qızların. Sənəyin doldurub qoyanda düzə, Üşüyüb barmağı, əli qızların.

Gözəllər yığılıb hamısı kəndə, Sənəyin doldurub burdan ötən də, Şamaxı şəddəli gərdənbənd təndə, Əyrimcədən keçər beli qızların.

Qurbani der: bu dərdləri biləsiz, Qohum-qardaş yığılasız, gələsiz, Adna axşamında bəlgə qoyasız, Kəsilə qovğası, qalı qızların.

Bu zaman ağacdan yerə bir alma düşdü. Vəzir o saat almanı götü-rüb gizlədi ki: "Oğuldusa bilsin. Nə biləcək ki, bu vaxt göydən alma düşdü. O yaxşı bilir ki, bu vaxt ağacda alma olmaz".

Aldı Qurbani, görək nə dedi:

Üç ay yay dolanıb payız olanda, Məst olub sığışmır budağa alma. Laladan, qonçadan artıq deyilsən, Versənə nəfsinə qadağa, alma!

 

Vəzir bir dənə də nar götürüb o biri cibinə qoydu ki, görək indi nə deyəcək.

 

Aldı Qurbani:

Səni yaradıbdı Cəlilü Cabbar43. Hüsnün kitabının adı gərdiyar, Özü xırdacana, məməsi gülnar, Narnan düzüləydin otağa, alma.

Sən ha Qurbaninin canın üzərsən, Qaş oynadıb, gözlərini süzərsən. Xəsyətindi, əldən-ələ gəzərsən, Yoxdu sənə qoruğ-qadağa, alma!44

 

Qurbani sözünü qurtarana məcal Pəri əvvəlcə Qurbani ilə görüşən suyun başına gəlib, girələnməyə başladı ki, görsün Qurbaninin başına nə oyun açırlar. Qurbani bunu da hiss etdi. O saat sazı sinəsinə basıb görək nə dedi:

Heç gəlmirsən bulaq üstə, Gündə üç yol gəlirəm mən. Üzümə soyuq baxırsan, Ürəyini bilirəm mən.

Kaş ki, gözəl olmayaydın, Saralıban, solmayaydın, Mənnən aşna olmayaydın, Ayrılanda ölürəm mən.


 

Gül dibini xara qoydun, Bülbülü ah-zara qoydun, Qurbani biçara qoydun, Gedirsən get, gəlirəm mən.

 

Vəzirin əlacı lap kəsildi. Bilmədi ki, neyləsin. Daha heç bir bəhanə tapa bilməyib, qaldı gözlərini döyə-döyə.

O biri tərəfdən də Pəri qızlarla yalandan solmuş bənəfşədən, çiçəkdən yığırdı ki, nə məqsədə buraya gəldiyini heç kəs bilməsin. Qurbani bunu başa düşüb aldı, görək nə dedi:

Başına döndüyüm, ay qəşəng Pəri,
Adətdi, dərərlər yaz bənəfşəni.
Ağ nazik əllərnən dər, dəstə bağla,
Tər sinəm üstünə düz bənəfşəni!

Başına döndüyüm, bağa gəl, bağa!
Üzün hörmətindən bağa nur yağa,
Dəstə-dəstə dərib, taxır buxmağa,
Bənəfşə qız iylər, qız bənəfşəni.

Səhər olcaq nə bülbüllər oxuşdu...
Hökm olundu, süleymanlar yerişdi,
Qurbani der: gülün vaxtı sovuşdu,
Daha iyləmərik biz bənəfşəni45.

Bəli, ərz olsun, vəzir Qurbanini götürüb bağdan çıxartdı. Onun fikri başqa idi. Aparıb Qurbanini kənarda öldürtmək istəyirdi. Pəri xanım onların kələyini başa düşüb, yavaş-yavaş dallarınca getməyə başladı. Qurbani bunu bildi, götürdü, görək nə dedi:

İstəyirsən gəlib mana yetəsən,
Ayaq götür, ta ki, yara yetincə.
Ömrüm bağçasının gülün dərərlər,
Dost bağından az kənara yetincə.

Hər igidin sığındığı başına,
Əl aparmaq olmaz haqqın işinə,
Suyu gəlib çatıb novun başına,
Həsrət çəkir ta ki, pərə yetincə. 

Qurbani, sözün yara asta söylə! Sızıldaşır yaram, yar, asta söylə! Bir ac qarın doydur, yar az tasa eylə! Nagah-nagah könüllərə yetincə.

Vəzirlə Ziyad xan Qurbanini gətirib Osman adlı bir zatıqırıq bəyin evində qoydular. Özləri də başqa otağa girdilər. Vəzir Ziyad xana dedi:

-  Gəl, nərdtaxta oynayaq! Sən məni uddun, Pəri xanımın ixtiyarı səndədi, ver Qurbaniyə. Yox, mən uddum, onda Qurbaninin də, Pəri xanımın da ixtiyarını ver mənə, nə elərəm elərəm.

Xan razı oldu. Nərdtaxta oynadılar. Bir neçə dəfədən sonra vəzir Ziyad xanı uddu. O saat cəlladları çağırıb əmr elədi ki:

-   Qurbanini bu saat buraya gətirin!

Cəlladlar Qurbaninin yerini öyrənib, qapıdan içəri daxil oldular. Bu zaman Qurbani çox şirin yuxuya getmişdi. Cəlladlar ona bir neçə çəkdilər, yuxudan ayıldıb dedilər:

-  Dur, vaxtın tamamdı! Ta sana yatmaq yaramaz. Pəri xanım özünü tez Qurbani olan otağa salıb dedi:

-   Zalım cəlladlar, niyə bunu döyüb öldürürsünüz?! Onun məgər pasbanı yoxdu? Siz Allahı məgər sevmirsiniz?

Cəlladlar onu kənara itələyib, Qurbanini döyə-döyə aparmaq istə-dilər. Pəri xanım ağlaya-ağlaya cəlladların ayağına yıxıldı, göz yaşı axıtdı, bənəfşə kimi tellərini üzünə tökdü, payız xəzəli kimi yanaq-larını saraltdı, Qurbani bunu görən kimi, eşqi cuşa gəldi. Sazı götürüb, görək nə dedi:

Xəstə düşüb, qürbət eldə yataram,
Bir kimsənəm yoxdu oyada məni.
O  siyah tellərin, şirin dillərin
Salıbdı sönməyən oy oda məni.

Evinin dalında çeşmədə su var,
Gözüm gördü, könlüm eylədi qubar,
Məndən qeyri bəlkə bir sevgisi var,
O səbəbdən salmır o yada məni.

Sənsən Qurbaninin gülüzlü yarı,
Qalsa qürbət eldə artar azarı,
Hərdən oğrun baxır o mənə sarı,
Baxışı yandırar ay oda məni.

Cəllad sözə fikir verməyib, Qurbanini döyə-döyə Qara Vəzirin yanına apardı. Qurbani içəri girəndə gördü ki, Ziyad xan da burdadı. Bir az toxdadı. Vəzir ona dedi:

-  İndi toyunu mən tutum, sən də tamaşa elə! Məgər mən ölmüşəm ki, sən mənim oğlumun nişanlısına aşiq olmusan?

Qurbani Ziyad xanın üzünə baxdı. Ziyad xan dedi:

-  Oğul, nərdtaxtada mənim gücüm buna düşmədi, məni apardı. İndi sən bunun ixtiyarındasan. Ömrünün axır çağında de görüm, bu qədər kamalı, biliyi haradan almısan?

Aldı Qurbani, görək ona nə cavab verdi:

Ləməkan şəhrindən gəldim cana mən,
Canlar əhli bir canana yetişdim.
Əldən-ələ, qabdan-qaba süzüldüm,
Qətrə idim, bir ümmana yetişdim.

Bir gözəlin ələyindən ələndim,
Bəli dedim, bəlasına bələndim.
Yeri, göyü yaradandan diləndim,
Göhəri axtardım, kanə yetişdim.

Qurbani der: göz gözlədim, göz aldım,
Səmağ oldum, ağılmənddən söz aldım,
Düz tərpəndim, mərufumu tez aldım,
Ədəb götdüm, yol-ərkanə yetişdim46.

Ziyad xan dedi:

-  Qurbani, bəlkə sənin atandan, anandan gələn oldu. Söylə görüm, ona nə cavab verim? Vəsiyyətin nədi?

Qurbani dedi:

-  Xan, bu saat deyim. Aldı Qurbani:

Yaralandım ürəyimin başından,
Yara deynən yaralarım bağlasın!
Oxlanmışam kirpiyindən, qaşından,
Mən ölürəm, onu Allah saxlasın!

Naşı təbib dərdə dərman etmədi,
Canan gəlib, göz evimdən ötmədi,
Həsrət öldüm, əlim yara yetmədi,
Vəzir də mənim tək kamın almasın!

Qurbaninin dərdi həddən ziyadə,
Çağırsam ağamı, yetişər dadə.
Desələr, necə oldu o binəva, de!
-Mən al geydim, o qaralar bağlasın!

Qurbani sözünü qurtaran kimi, vəzir onu cəlladlara verib dedi:

-  Aparın bunu Gəncə çayının üstündə doğrayın, qanlı paltarını da mana gətirin.

O biri tərəfdən Pəri xanım da göz yaşına dəm vermişdi, özünü yeyib tökürdü. Leyli kimi saçlarını dağıdıb üzünə tökmüşdü, dad-fəğan eləyib ağlayırdı. Cəlladlar onun ağlamağına, sıtqamağına baxmayıb, Qurbanini öldürməyə apardılar.

Axşam idi, toran çalmışdı. İtnən qurd bir-birindən güclə seçilirdi. Göyün üzünü qara duman basmışdı. Adamlar ordan-burdan toplanıb, kənardan Qurbaninin aparılmağına tamaşa edirdilər. Qurbani vəzirin evinin yanından keçəndə ayağını saxladı, yalvarıb cəllada dedi:

-  Heç olmasa, mənim qolumu bir az boşaldın, üç kəlmə sözüm var, deyim, genə bağlayıb aparın.

Cəlladlar dedi:

-  Əşi, dəli-zad olmamısan ki? Biz səni ölümə aparırıq, ya deyiş-məyə? Elə də şey olar?

Qurbani dedi:

-  Onda, burda öldürün. Mən getmirəm. Ta bir neçəsini deməsəm getməyəcəyəm.

Cəlladlar dedilər:

-  Qolunu boşalda bilmərik. İndi ki, hökmən demək istəyirsən, elə qolu bağlı de.

Qurbani qolu bağlı dedi:

Vəzir, sana qarğayıram,
Haqq diləyin yetirməsin!
Göydə min bir bəla ensə,
Birin səndən ötürməsin!

Evində düşəsən naçaq,
Sağ gözünə batsın bıçaq!
Oğul-uşaq düşsün qaçaq,
İstədiyin gətirməsin!

Oturubsan ağ otaqda,
Qan qusasan laxta-laxta,
Sənin görüm ölən vaxtda
Dilin kəlmə gətirməsin!

Qurbani qaldı burada,
Çağır, Allah yetsin dada;
Meyitin qalsın arada,
El yığılıb götürməsin!

Bu zaman göy guruldadı, bir ildırım şığıyıb, vəzirin evinin üstünə düşdü. Ev gurhagurla uçub yerə töküldü. Nərilti, gurultu hər yeri bürüdü. Cəlladlar Qurbanini qoyub qaçdılar. Vəzir evinin, uşağının hayına qaldı. Qurbani yaddan çıxdı. Vanəfsə, şivən Gəncə şəhərini tutdu. Bir nəfər gəlib Qurbaninin qolunu açdı. Qurbani buradan öz dostunun evinə getdi. Sabah oldu. Ara bir qədər sakitləşdi. Qurbani tezdən burdan çıxıb, Pərinin otağına tərəf baxdı. Gördü ki, Pəri külafirəngidə başını yastığa sövkəyib, ağlayır. Qurbaninin dərdi qubar elədi, götürdü sazı, görək nə dedi:

Aldı Qurbani:

Gözəl Pərim, gəl Allahı sevərsən,
Daldalanma, bir də görkəz yara üz!
Astana gör, yarın astanasında,
Qulluq eylə, xidmət eylə yara yüz!

Sağdan vurdu, soldan çıxdı sağ ələm,
Sağ qoşundu, sol ləşkərdi, sağ ələm.
Bedahatdı mən bu dərddən sağalam,
Təbib birdi, dərman min bir, yara yüz!

Qurbani der: bura gəldim yar için,
Kəs ciyərim, doğra bağrım, yar için.
Yar odu ki, yardan sonra yar için
Yaxa yırta, zülf dağıda, yara üz!

Pəri xanım axşamı araya verib, Qurbanini çağırdı yanına. Sonra bir molla da çağırdı. Gözünün yaşı ilə Şıx oğlu Şaha bir məktub yazdı ki: "Qara Vəzir mana zülm eləyir. Məni sevgilimdən ayırır". Molla Pəri xanımın sözlərini tərsinə, öz istədiyi kimi yazmışdı. Mollanın kağızda yazdığı sözlər Qurbaniyə əyan oldu. Pəri xanım kağızı müşəmmələyib Qurbaniyə vermək istəyəndə o dedi:

- Axund, dayan, qoy bir neçə söz deyim, sonra gedərsən.

Bunu deyib Qurbani aldı sazı:

Gecə-gündüz bulud keçər havalar,
Belə getməz, əlbət gəli bir də yaz...
Oxuyar bülbüllər muğam, havalar,
Sızıldaşır yaram, aman bir də yaz!

Bulud olan qalxar havada gəzər,
Aşiq olan yarçün bağrını əzər.
Qəvvas olan girər dərində gəzər,
Bir dərin var, bir dərgə var, bir dayaz!

Qurbani güldəstə bağlar oxuna,
Sinəm buta, yarım müjgan oxuna,
Bir namə yaz hər divanda oxuna,
Görən deyə, var əllərin, bir də yaz!

Molla Qurbaninin sözündən sonra Şıx oğlu Şaha yaxşı bir namə yazdı. Pəri mollanı razı eləyib yola saldı. Naməni Qurbaniyə verib dedi:

-  Qara Vəzir bizi bir-birimizdən ayıracaq. Onun hələ nə qədər ki, başı qarışıqdı, mən belə məsləhət görürəm ki, sən bu naməni götürüb, özünü Şıx oğlu Şaha çatdırasan. O çox rəhmkar şahdı. Bəlkə Allah-taala könlünə rəhm saldı, bizə kömək elədi. Yoxsa heç bir yerdən bizə imdad yoxdu.

Qurbani onun sözlərinə razı oldu, tədbirinə afərin dedi, bircə dənə alması vardı, onu çıxardıb Pəri xanıma verdi ki:

-  Al, bunu yadigar saxla! Şər deməsən xeyir gəlməz, qəzadı, bəlkə yolda öldüm, itdim.

Pəri xanım dedi:

-  İnşallah heç zad olmaz. Sən İsfahan kimi yerə gedirsən. Sana çox xərclik lazımdı. Bütün dünyanın malı hamısı məndədi. Hələ mən sana genə də çoxlu qızıl verəcəyəm, yolda xərcləyərsən.

Bu söz Qurbaniyə bərk toxundu. Götürdü, görək nə dedi:

Bir almas göndərdim yara yadigar47,
Almadı alması, bağrıdaş Pəri.
Könül tələb elər məndən nəyim var,
Od tutub cismimi ələtəş, Pəri!

Bülbül ayrılığı sitəmdi gülə,
Gülabatın naxış süsən-sünbülə,
Badilə mintənə, üstdən silsilə,
Sərəndazdan töküb başa baş, Pəri!

Bir gözəlin ələyindən ələndim,
Bəli dedim, bəlasına bələndim,
Yan çevirdim, hər bir yana diləndim,
Qurbaniynən görüş, halallaş, Pəri!

Qurbani Pəri ilə görüşüb yola rəvan oldu. Bərkitdi çarıqların daba-nın, qırdı yerin damarın, günə bir mənzil, Hacı Bulağa tərəf getməyin binasın qoydu. Bu getməkdə olsun, al xəbəri Pəri xanımdan.

Pəri xanımın Mikayıl adlı bir nökəri var idi. Mikayıl Pəri xanım ilə Qurbaninin sirrini bilirdi. Onlar Mikayıldan sirr gizləmirdilər. Qurbani gedəndən sonra Pəri xanım Mikayılı çağırıb dedi:

-  Mikayıl, mən özüm də Qurbanini bir sınaqdan keçirmək istə-yirəm. Ola bilərmi, bir neçə qızla oğlan paltarı geyinəm, sən də bizimlə gedəsən. Onunla işim var.

Mikayıl dedi:

-  Xanım, niyə olmur? Çox yaxşı olar.

Pəri xanım bir neçə qızla bərabər kişi paltarı geyindi. Mikayılı da götürüb Qurbaninin dalınca yola düşdü. Bir müddətdən sonra baxdılar ki, Hacı Bulaqda Qurbani bir nar ağacının dibində oturub çörək yeyir. Onlar atlarını düz Qurbaniyə tərəf sürdülər. Qurbani baxıb gördü ki, bir dəstə atlı gəlir. O heç fikir vermədi. Pəri xanım dəstə ilə bir kənar-da atdan düşdü. Qızların birini çağırıb dedi:

-  Gedib o adama deyərsən ki, bizim padşah xəstədi, rəmmallar onun xəstəliyinə haqq aşığının başını dərman buyurublar. İndi gəlmişik sənin başını kəsməyə. 

Qız Qurbaninin yanına gedib Pəri xanımın dediyi sözləri ona dedi. Qurbani sazı köynəyindən çıxardıb, bastı döşünə, görək qıza nə cavab verdi:

Sallana-sallana gələn Salatın,
Gəl belə sallanma, göz dəyər sana.
Al yaşılı geyib qarşıda durma,
Satqın səryağıbdan söz dəyər sana.

Gəl görüm, gəl görüm, kimin yarısan?
Hansı bir iyidin vəfadarısan?
Kölgədə dayanmış dağlar qarısan,
Səhərin günəşi tez dəyər sana.

Qurbani der: heç kəs yarın öyməsin,
Əl uzadım, açım yaxan düyməsin,
Dəstələ zülflərin yerə dəyməsin,
Yollar qubarlanıb, toz dəyər sana48.

Qız üzünü çevirib, Pəri xanıma dedi:

  • Gör bizə nə deyir? Bu bizi deyəsən qıza oxşadır? Qız Qurbaninin çiynindən dartıb dedi:
  • Tez dur gedək! Qurbani dedi:
  • Öldürəcəksən, öldürəcəksən, qoy bir qatar da deyim, sonra öldür. Aldı Qurbani, görək nə dedi:

Uçdu, köç eylədi könül karvanı,
Mayalar düzülüb yollara doğru.
Naşı ovçu kəsib ov bərəsini,
Marallar ürküşüb çöllərə doğru.

Alçalsın dağların görünsün köçü,
Cənnəti-məvadı qoynunun içi,
Müəttər zülfləri, müsəlsəl saçı,
Hərdəm şitab eylər bellərə doğru.

Sevdiyimin iyid imiş atası49,
Əskik olmaz heç iyidin xatası,
Qaşı kaman, sinəm onun butası,
Qatı yay çəkilir qollara doğru.

Baxçalarda qurudulur barama,
Naşı təbib məlhəm eylər yarama,
Dedim: Pərim, zülflərini darama,
Könül gəştə çıxar xallara doğru50.

Qurbaniyəm, naləm yandırır daşı,
Üstümə gəlməsin təbibi-naşı;
Ummana dönübdü gözümün yaşı,
Qalxıban axışır sellərə doğru.

Qız qışqırıb dedi:

-   Dur qabağıma düş! Bilmirəm sən bizi nə hesab eləyirsən? Biz arvad-zad deyilik ki, bizə eşq oxuyursan! Bu saat başını bədənindən ayıracağam.

Qurbani dedi:

-   Qoy, bir qatar sözüm var, onu da deyim, sonra hara deyirsən gedərəm.

Qız dedi:

-  Tez de, qurtar! Aldı Qurbani:

Özü xoş sifətdi, adı xoş nişan,
Yeriyir qabaqca Mikayıl, Pərim!
Fəriştə zülflərin tarümar olmuş,
Asılıb gərdəndən həmayıl, Pərim!

Qapına gəlmişəm, sayılam, sayıl,
Haqq verən paylara mən oldum qayıl,
Qızıl qıtmığından tökdür həmayıl,
Dünya olsun sana nəqail, Pərim.

Qurbani qurbandı şahın dərinə,
Dərviş bilər xirqə nədi, dəri nə?
Ağam qiya baxdı, atdı dərinə,
Yetmiş il bənd etdi Cəbrayıl, Pərim!

Qız bərkdən qışqırıb dedi:

  • Dur qabağıma düş sana deyirəm! Qurbani dedi:
  • Qəzəblənmə, bir qatar da sözüm var, onu da deyim, sonra apar! Aldı Qurbani:

Pərinin bağında seyran eylədim,
Almalı, alçalı yaza rast gəldim.
Almasın, heyvasın dərdim, döşürdüm,
Könül istədiyi naza rast gəldim.

Gözəllər gözəli, gözəllər xası,
Silindi, qalmadı könlümün pası,
Sinəni bənzətdim şonqar yuvası,
Oğlan paltarında qıza rast gəldim.

Qurbaniyəm, görcək nəzər eylədim,
Gözəlləri gördüm, həzər eylədim,
Yeddisiylə bağda bazar eylədim,
Hesabım yanıldım, yüzə rast gəldim.

Söz tamam oldu. Qızlar baxdılar ki, Qurbani onları tanımışdır. Pəri xanım bir xəlvətə çəkildi, mərdana paltarını çıxardıb, zənənə paltarını geydi, sonra Qurbaninin yanına gəldi. Görüşdülər, oturub söhbət eləməyə başladılar. Bir qədər söhbətdən sonra Pəri xanım Qurbaniyə xeyir-dua verib yola saldı, atı minib özü də Gəncəyə qayıtdı.

Qurbani mənzilbəmənzil gedib Xudafərinə çıxdı. Bir kəndə çatdı. Kənddən keçmək istəyəndə gördü bir qoca kişi kərpic kəsir.

Qurbani baxdı ki, qoca onun sözlərindən oxuyur. Ancaq düzgün oxumur. Bir kəlmə ordan, bir kəlmə burdan deyir. Kəlmələrin də baş-ayağını yeyib, kələ-kötür eləyir. Bu, Qurbaniyə çox əsər elədi, öz-özünə dedi ki: "Adə, bu kişi mənim sözlərimi niyə belə oxuyur. Mən məyər belə söz demişəm? Mən zəhmət çəkib, düz ağac əkmişəm, bu balta ilə orasını-burasını kələ-kötür eləyir. Bilsəydim mənim sözlə-rimi belə oxuyacaqlar, heç deməzdim". Qurbani onun yanına gəlib, qəsdən onun kərpicinin bir neçəsini ayaqladı, bəzisini əzdi, bəzisini də əyri-üyrü elədi. Qoca qayıdıb Qurbaninin üzünə dik baxıb dedi:

-   Oğul, aşıqlar mərifətli olar, mən axı zəhmət çəkib o kərpicləri düzəltmişəm, sən niyə elə əzirsən? Dəli-zad deyilsən ki?

Qurbani dedi:

-  Ay əmi, deyəsən acığına getdi? Kişi dedi:

-  Əlbəttə, getdi. Axı mən onların üstündə zəhmət çəkmişəm. Sən mənim zəhmətimi heç eləyirsən.

Qurbani dedi:

-  Pəs, a kişi, onda sən mənim sözlərimi niyə pis oxuyursan? Baş-ayağını yeyib, kələ-kötür eləyirsən? Axı o da mənim zəhmətimdi, onu da mən zəhmət çəkib düzəltmişəm.

Kişi diqqətlə Qurbaniyə baxıb dedi:

  • Oğul, sən kimsən? Qurbani dedi:
  • Mən Qurbaniyəm. Kişi dedi:

-   Oğul, yəqin sənin sözlərini pis oxumuşam. Bağışlagilən. Lap yaxşı öyrənib düz oxuyaram. Sən bizim elin dil əzbərisən. Nə dərdin var mana söylə! Mənim kərpic kəsməyimə baxma. Hər nə desən əməl elərəm.

Qurbani dedi:

-   Əmi, mənim dərdim-zadım yoxdur. Ancaq mana bir neçə çörək ver, yol çörəyim qurtarıb.

Kişi dedi:

-   Oğul, mənim yaxşı evim, yaxşı oğlanlarım var. Gedək, bu gecə bizə qonaq ol. Yol çörəyi də düzəldim. Gətirib yolda çörək vermək layiq deyil.

Qurbani dedi:

-  Yox, çörək gətirirsən, gətir, gətirmirsən, mən gedirəm. Kişi naəlac qalıb dedi:

-   Onda sən bulağın ağzında dur, qoyma su gəlib ləkləri dağıda. Mən bu saat gedib sana çörək gətirim.

Bəli, Qurbani bərənin ağzında durdu. Kişi beli ona verib evə getdi. Qurbani bərk yuxusuz olduğundan uzandı. Elə bu uzanmaqla Qur-banini yuxu apardı. Kişi gəlib gördü ki, Qurbani yatıb. Su da ləkləri, arxları dağıdıb. Kişi qıymadı onu yuxudan oyatsın. Bu yatmaqla Qurbani düz axşamacan yatdı. Bir vədə gözün açanda baxdı ki, axşamdı. Ətra-fına göz gəzdirib gördü kişi səssiz-səmirsiz işləyir, dedi:

-   Əmi, bəs məni niyə oyatmamısan? Axşam düşüb ki? Kişi gülüb dedi:

-  Nə eləyək axşam düşüb. Xarabalıq-zad deyil ki. Gedərik evə, səhər tezdən səfər eləyərsən.

Qurbani dedi:

-  Əmi, qulaq as, bu dağlara bir neçə sözüm var, deyim, sonra gedək. Qurbani sazını çıxardıb, görək nə dedi:

Durun dağlar, sizlə həmdərd olmaram,
Dağlar, əsirgədiz qarı da məndən.
Səyrəğibin tənə-tənə sözləri,
Vurdu cida, saldı yarı da məndən.

Bu köynəyin bu yaxası, bu bağı,
Bu sinəmin bu düyünü, bu dağı,
Bağban idim, mən becərdim bu bağı,
Bağban əsirgədi narı da məndən.

Bu dünya dediyin bir boş ələkdi,
Haqqın min bir adı dildə gərəkdi,
Qurbani der: çərxi dönmüş fələkdi,
Cəbrilə ayrıldı Pəri də məndən.

Söz qurtaran kimi kişi dedi:

-  Bax, atam sana qurban, belə oxuyarlar. Doğrudan da mən sənin sözlərinin baş-ayağını yeyirmişəm.

Kişi Qurbaniyə yalvar-yaxar eləyib, evinə apardı. O gecə qonaq saxladı, çox hörmət elədi. Sabah açılan kimi Qurbani kişi ilə halal-hümmət eləyib, yola düşdü, İsfahana getməyin binasın qoydu. De günə bir mənzil, bir neçə gündən sonra İsfahana çatdı.

Bir kişidən xəbər aldı:

-  Ay qardaş, Şıx oğlu Şahın yanına gedəcəyəm. Namə gətirmişəm. Onu görə bilərəmmi?

Kişi dedi:

-  Onu görmək çətindi. Ancaq mən təhrini öyrədərəm, o yol ilə tez gedərsən. Sən buradan düz get mehtərxanaya. Mehtərxanada bir meh-tərbaşı var. Bir yaxşı adamdı. Olsun ki, sizi Şıx oğlu ilə tez görüşdürər.

Qurbani kişiyə dua eləyib, düz mehtərbaşının yanına getdi. Salam-kalamdan sonra mehtərbaşı baxıb gördü ki, bir qəşəng, kamallı qərib oğlandı, soruşdu ki:

-   Oğul, nə təmənnayə mənim yanıma gəlmisən? Qurbani dedi:

-   Əmi, Şıx oğlu Şaha naməm var. Gəlmişəm məni onun yanına aparasan. Naməni gərək öz əlimlə verəm.

Mehtərbaşı dedi:

-   Oğul, Şıx oğlu Şah üç aydan bir atlara baş çəkməyə gəlir. O gələndə mən sənə xəbər verərəm, sən burada durarsan, gəlib buradan keçəndə naməni ona verərsən. Bundan başqa ayrı əlac yoxdu.

Qurbani mehtərxanada qalmalı oldu. Nağılçı dili yüyrək olar. Üç ay gəldi keçdi. Şıx oğlu atlara baxmağa gəlmədi. On bir aydan sonra bir səhər Qurbani mehtərxananın qapısına çıxmışdı, o tərəf-bu tərəfə baxırdı, bir də gördü ki, budu Şıx oğlu Şah gəlir. Qurbani onun yolu­nun üstündə dayandı. Şah gəlib keçəndə Qurbani ədəb salamı verdi, naməni ona uzatdı. Padşah naməni alıb, cibinə qoydu. Atlara baş çəkəndən sonra gedib qızıl taxta çıxdı. Naməni açıb oxuyanda gördü ki, Gəncə şəhərindən Ziyad xanın qızı yazıb ki: "Qara Vəzir bizə zülm eylədi. Məni öz sevgilim Qurbanidən ayırdı. Göz yaşımla sana namə yazıb, kömək istəyirəm. Ey ədalətli şah, bizə bir əlac eylə!"

Şah məktubu oxuyan kimi kərəmi cuşa gəldi, o saat mehtərbaşını çağırıb dedi:

-   O mana namə verən adamı mənim yanıma gətir. Mehtərbaşı Qurbaninin yanına gedib dedi:

-  Şıx oğlu Şah səni çağırır, ancaq qorxma, toxdaq ol. Nə dərdin varsa, bitdən-birəyə hamısını söylə.

Bəli, Qurbani yol aldı, gedib padşahın barigahına girdi. Baş əyib, xidmət məqamında əl-əl üstə dayandı. Şıx oğlu Şah baxıb gördü ki, bu bir cavan aşıqdı, dedi:

-  Oğlan, nə mətləbə gəlmisən? Dərdin nədi? Hamısını mana de, utanıb, çəkinib eləmə.

Qurbani dedi:

-  Şah sağ olsun, dərdimi dilimlə desəm, dilim yanar. İzn ver sazla deyim.

Şah dedi:

-  İzndi, de.

Aldı Qurbani, görək nə dedi:

Mürşüdü kamilim, Şıx oğlu Şahım,
Bir ərzim var qulluğuna, şah, mənim.
On bir aydı sər tovlanda bəklədim,
Olsana dərdimə bir agah mənim.

Şıx oğlu mehtərbaşının üzünə baxdı. Mehtərbaşı mətləbi başa düşüb dedi:

-  Şah sağ olsun, bu da bunun baxtındandı. Həmişə üç aydan bir mehtərxanaya, atlara baş çəkməyə gəlirdin. Bu dəfə on bir ay çəkdi. On bir ay bu yazıq mənim yanımda qalıb, sənin yolunu gözləyir.

Şah dedi:

-  O yekəlikdə Gəncədə bir adam olmadımı sənin ərzinə qulaq asıb, dərdinə çata? De görüm, sana nə eləyib? Mən Qara Vəzirə divan tuta-cağam.

Aldı Qurbani, dedi:

Dərin-dərin dəryaları boyladı,
Xəncər alıb qara bağrım teylədi,
Oğlu ölmüş Vəzir qəza eylədi,
Getməz damağımdan dudi-ah mənim.

Yığılıban bir araya gəldilər,
Şirin canım eşq oduna saldılar,
Döydülər, söydülər, yarım aldılar,
Axıtdılar göz yaşımı, billah, mənim.

Talib olan dərsin alar pirindən,
Qəvvas olan dürr götürər dərindən,
Gözü yaşlı keçdim Xudafərindən,
Yüküm oldu qəmü hicran, ah mənim.

Qurbani fikir elədi ki, mənim buna heç bir töfhəm yoxdu. Mən bundan necə təmənna edim. Elə bildi ki, şahın bir şeyə tamahı var. şahdı, yanına gedəndə gərək bir hədiyyə aparasan. O götürsün sazı, görək şahdan nə cür üzr istəyir:

Oxuyur bülbüllər, budu, gəldi yaz,
Qurbaninin canı yolunda niyaz,
Sərim sədağadı, üzüm payəndaz,
Candan qeyri yoxdu bir matah mənim.

Şah baxdı ki, bu çox ağıllı, kamallı, çox da kamil bir adamdı, dedi: - Oğlum, de görüm, mətləbin nədi? Nə istəyirsən? Qurbani dedi:

Gəncə dağlarından, uzaq yollardan,
Əlbəttə ki, bir murada gəlmişəm.
Eşqin sitəmindən, çərxin əlindən,
Bir şahım var, ona dada gəlmişəm.

Fərağət evimdə otduğum yerdə,
Oxuyub elmimə çatdığım yerdə,
Bir şirin yuxuda yatdığım yerdə,
İçirdiblər mana badə, gəlmişəm.

Bülbül idim, ayrı düşdüm gülümdən,
Fələk vurdu, cida saldı elimdən,
Qurbaniyəm, Qara Vəzir əlindən
Şıx oğluna şikayətə gəlmişəm.

Söz tamam oldu. Qurbani sazla dediyi kimi sözlə də hər nə ki, olub şaha danışdı. Şah bərk qəzəbnak oldu. O saat vəziri Becanı çağırıb dedi:

-  Becan, gedərsən, bu aşığın sevgilisini alıb özünə verərsən. Əgər Qara Vəzir oyan-buyan eləsə onun bütün nəslini qılıncdan keçirib, qapısına tikan kolu basarsan.

Becan "bə çeşm" deyib, o saat kəcavə qoşdurdu, Qurbanini də yanına alıb, Gəncəyə tərəf yola düşdü.

Bunlar Gəncəyə gəlməkdə olsunlar, eşit Qara Vəzirdən. Qara Vəzir eşitdi ki, Qurbani gedib Şıx oğlu Şaha şikayət eləyib, o da Becanı göndərib ki, Pərini alıb ona versin. Budu, Becan gəlir. Tez öz qohum-əqrəbasını başına yığıb dedi:

-  Becan gəlib nəslimizi kəsəcək. Nə qayıraq ki, bəladan qurtaraq?

De tədbir, məsləhət, axırda Vəzir bir erkəci öldürtdürüb, humayın ağına bükdürdü, səs saldı ki, bəs Pəri xanım ölüb. Bəli, camaat yığıldı. Gəncənin yaxınlığında bir Mürsəl ocağı var, bunun yanı qəbiristanlıqdı. Erkəci götürüb qəbiristanlığa apardılar. Bir qəbir qazıb basdırdılar, sonra da xeyrat qazanlarını düzdürüb, Mürsəl ocağının yanında xeyrət verməyə başladılar. Mollalar dua, Quran oxuyurdular, qız-gəlinlər ağlaşırdı. Halva paylayırdılar ki, Becan gəlib görəndə desinlər ki, Pəri ölüb, o da geri qayıdıb getsin.

Bu tərəfdən də Becan kəcavə ilə gəlib, haman qəbiristanlığın yanın­da dayandı. Bir adam qəsdən qabı halva ilə doldurub, Becanın qaba-ğına apardı ki:

  • Buyurun, halva yeyin! Hörmətli adamımız ölüb. Becan xəbər aldı:
  • Ölən kimdi? Dedilər:

-  Ziyad xanın qızı Pəri xanımdı. Üç gündü ki, ölüb. İndi onu dəfn edirik.

Becan üzünü Qurbaniyə çevirib dedi:

-  Oğul, baxtından küs! Sevgilin ölüb. Başın sağ olsun! İndi de görüm fikrin nədi? Nə eləyək?

Qurbani sazı çıxardıb dedi:

-  Becan, izn ver bir neçə söz deyim, sonra özün bilərsən, nə elə-yərsən, eləyərsən.

Qurbani sazı döşünə basıb, görək nə dedi:

Fələk, sənlə əlləşməyə bir belə meydan ola,
Tut əlimi, fürsət sənin, lütf ilə ehsan ola,
Getmiş idim mürşüdümə dərdimə dərman qıla,
Mən nə bilim, mən gəlincə xak ilə yeksan ola.

Kölgəsində zülflərinin bir zaman yatmaq gərək,
Tabutu sərv ağacından, kəfəni yarpaq gərək,
Tez yuyun, tez götürün ki, mənzilə çatmaq gərək,
Bari-ilahım, necə qıydın, bir belə canan ölə.

Bir gülü ki, dərmirsən, dərib xəndan eyləmə!
Bir könlü ki, hörəmmirsən, yıxıb viran eyləmə!
Haqq-taladan səda gəldi: Qurbani, çox qəm yemə,
Qorxum budu: bu gün burda çoxları peşman ola.

Qurbani bu sözləri deyəndə mollalar, camaat hamısı dönüb Qara Vəzirə baxdılar. Becan da Qara Vəzirin üzünə tərs-tərs baxdı. Qara Vəzir işi belə görəndə Becana baş əyib dedi:

-  Becan sağ olsun, Pəri xanım, budu, üç gündü ki, ölübdü. Biz burada yas qurmuşuq. Mən bilmirəm bu Qurbani nə danışır?

Qurbani dedi:

-  Vəzir Becan, üçcə kəlmə sözüm var, icazə ver onu da deyim, sonra ixtiyar sahibisən, özün bilərsən nə eləyərsən.

Becan dedi:

-  De!

Aldı Qurbani, dedi:

Zina əhli bihəyalar şərm-həyanı atdılar,
Adam oğlu yoldan çıxıb, bir-birin aldatdılar.
Qazılar rüşvət alıb, şəriəti satdılar,
Bu divan ki, divan deyil, ədalət divan gözəl.

Axşam olcağın məşriqdə batdı şəms, doğdu qəmər,
Yer üzünə qülqülə düşdü ki, oldu ta səhər,
Bir hüsnü camal gördüm mən, ağlım itdi sərasər,
Pərim girib o niqabə, yanında canan gözəl.

Gəl biçarə Qurbani, gərək bu cəbrə dözəsən,
Əl uzadıb o yasəmən bağdan bir gül üzəsən,
Yaxşı yetirdin əlliyə, altmışa sən, yüzə sən,
Əslimiz turabdandır, məskənimiz kan, gözəl.

Qurbani dedi:

-  Becan sağ olsun, düş bu qəbri aç, gör orada dəfn olunan nədi? Əgər Pəri xanım olsa mənim sazımı alıb, özümü də onun yanına bas-dırarsan. Yox, əgər Pəri olmasa, onda görərsən ki, mən düz deyirəm, ya yox.

Becan qəbri açdırıb gördü ki, erkəcin cəmdəyini üryan edib, huma-yın ağına büküb basdırıblar qəbrə. Becan üzün tutdu Qara Vəzirə, bir də Pəri xanımın atası Ziyad xana, dedi:

-   Bilmirəm, Pəri xanım yerdədi, göydədi, haradadısa, bu saat gətirərsiniz bura. Yoxsa hər ikinizi öldürtdürəcəyəm.

Ziyad xan bütün günahı Qara Vəzirin boynuna atdı. Qara Vəzir canının qorxusundan o saat Pəri xanımı Becanın hüzuruna gətirdi. Becan vəzir Pəri xanıma dedi:

-  Məndən çəkinib utanma. Düzünü de görüm, bu aşığa gedirsənmi? Pəri xanım dedi:

-  Becan sağ olsun, mən öz fikrimi namə ilə Şıx oğlu Şaha yazmış-dım. Amanın bir günüdü. Nə eləyirsən elə, məni bu Qara Vəzirin əlindən qurtar!

Becan dönüb Qara Vəzirə dedi:

-  Vəzir, budu, sana deyirəm. Bunların xərcini çəkib Qaradağa apa-rarsan. Orada öz xərcin ilə bunlara toy elərsən. Əgər dediyimi elədin, canın qurtardı, eləmədin, bütün nəslini kəsəcəyəm. Şıx oğlu Şahın əmridi, gərək yerinə yetirəm.

Qara Vəzir nə qədər elədi, olmadı. Becan ondan toyun xərcini alıb, Qurbaniyə toy eləməyə başladı. Qurbani öz toyunun ilk məclisində aldı, görək nə dedi:

Özün şah, aşikar adın həqayiq,
Önüncə cilovdar Cəbrayıl, Pərim!
Dua əfsunudu firiştə zülfün,
Cəmi bəlalardan təfail, Pərim!

Özün naseh, kəlamındı imamət,
Səcdə elər ona gündə təmamət,
Əcəb norəstədi, xub qəddü qamət,
Əcəb şəhla, əcəb şəmayıl, Pərim!

O məhrəm sirrinə əyyarlığım yox,
İqrarıma, bil ki, inkarlığım yox,
Mənim səndən qeyri heç bir yarım yox,
Canü baş yoluna ha qayil, Pərim!

Qurbani, girişmişsən, meydanın dərin,
Oxuyanlar bilir dəryanın dürün,
Bir qıya baxanda yandırdı pərin,
Yetmiş min il qaldı Cəbrayıl, Pərim!

Qurbani sözünü tamam elədi. Toy başlandı, yeddi gün, yeddi gecə yedilər, içdilər, çaldılar, oynadılar, hamısı da Qara Vəzirin hesabına. Səkkizinci gün kəcavələr bəzəndi, Qurbani ilə Pəri Qaradağa yola düşdülər. Karvan yola düşəndə bir aşıq sazını döşünə basıb, Qurbaninin buradakı toyunu bu duvaqqapma ilə qurtardı:

Qaşı qəmər, gümüş kəmər,
Qurşayıb belə yaraşır.
Üzündə xal, dodağı bal,
Xam şəkər dilə yaraşır.

Bir bəri bax, bəyaz buxaq
Darçına, hilə yaraşır.
Dərin kamal, güllü dəsmal,
Al gözəl ələ yaraşır.

Ay qabağa, gül yanağa,
Yanağı gülə yaraşır.
Gözlər ala, başa bəla,
Çəkilib qara qaşları.

Oğrun baxdı, evim yıxdı,
Etmədi çara qaşları.
Zülmü çox, insafı yox,
Aparır dara qaşları.

Huş getdi, məcnun etdi,
Saldı diyara qaşları.
Ağıl zayıl, qıldı sayıl,
Düşməyə çölə yaraşır.

Qaş oynatdı, işvə satdı,
Mayıl oldum gül camala.
Bimürvət, verib zinət,
Tər əndama, xətti-xala.

İlqar verdi, qəsdə girdi,
Sonra düşdü kəc xəyala.
Sevdim yaman, çəkdim aman,
Əcəb düşdüm qeylü qala.

Hərzə sözü, cadu gözü,
Fitnəyə, felə yaraşır.
Kaman qurub, oğrun durub,
Mənə işvə-naz eyləyir.

Corab toxur, cəh-cəh oxur,
Qumru tək avaz eyləyir.
Yanağı gül, saçı sünbül,
Zimistanı yaz eyləyir.

Sevdim əzəl, əcəb gözəl,
Mahala, elə yaraşır.
Qurban ona örtüb cuna,
Görəsən haralıdı bu?

Fal açıb, ovçudan qaçıb,
Dağların maralıdı bu.
Yan-yan baxır, kirpik qaxır,
Qaşları qaralıdı bu.

Dostun atıb, yasa batıb,
Hüseyn56 tək yaralıdı bu.
Ömrün üzür, əcəb süzür,
Sonadı, gölə yaraşır.

Powered by OrdaSoft!