Böyük əməlpərvər, böyük vətəndaş C. Məmmədquluzadənin əziz xatirəsinə

“Anamın kitabı!” – oxudum bir də,
Bu günüm dünənlə gəldi, görüşdü;
Cəlilin çaldığı sarı simlərdə
Qədim bir təmsil də yadıma düşdü:
Xərçəng – arabanı çəkir quruya,
Ördək – buludlara,
Kor balıq-suya…
Araba tərpənmir ancaq yerindən,
Sənin timsalınmış bu hal, ey Vətən!
Talandı bir zaman dövlətin, varın…
Varlıykən əl açdən sən özgələrə.
Yadlar yox,
Səni də öz övladların
Çəkdi üç tərəfə, çəkdi üç yerə.
Ana ümid oldu doğma övlada,
Övlad bel bağladı yadlara yalnız.
Övlad bilmədi ki, qonşuya, yada,
Göz dikən qalacaq şamsız, çıraqsız.
Bu doğma torpaqda doğulub onlar,
Dedilər, biz hara, bu torpaq hara,
Doğma kitablara yad olub onlar
Ümid bağladılar yad kitablara.
Anamın kitabı çatdı imdada,
Dedi: “özünə bax, əl açma yada;
Vaxt çatıb uzağı, yaxını tanı,
Bil, sənin əvvəlin, axırın nədir,
Vətən xəstədirsə, onun dərmanı
Kənarda deyildir, öz içindədir…”

Ananın kitabı! Tarixdən qədim,
Çiçəkdən – təzə-tər, Göylərdən dərin.
Ayağı altında torpaq görmədim
Anadan üzünü çevirənlərin.
Bu böyük mətləbi bilmədik bəzən,
Bizi bölə-bölə çəkdilər dara.
Əl çəkib müqəddəs atəşimizdən
Yüzillər baş əydik yad kitablara…
Tapdandı anamın şərəfi, şanı,
Bizdən sərvət alıb söz gətirdilər.
Bu boyda ölkəni – Azərbaycanı
Bir ərəb qızına cehiz verdilər.
Məni bağışlasın Şəhriyarımda,
Otuz il özgəyə “bəradər” dedi.
Öz doğma yurdunda, öz diyarında
Doğma anasına o, “madər” dedi.
Elə ki, yumruğu yerə dirəndi,
Dərhal yada düşdü doğmaca kəndi.
Bunlar nağıl deyil, tarixdir, ancaq
Tarixin hökmünə, könül, yaxşı bax!
Gəl bilək, insanmı, zamanmı haqsız
Gah ona, gah buna biz yamaq olduq.
Kiçik komamızı qoyub çıraqsız,
Özgənin qəsrində biz çıraq olduq.
Bu böyük dərdləri düşündü Cəlil
Onu qorxutdular,
öz amalından
Nə bezdi,
Nə küsdü,
Nə döndü Cəlil!
O da bu günlərə ümid bağladı,
Ayıldıb atamı,
bir ürək kimi
Milyon ürəklərdə döyündü Cəlil!

Powered by OrdaSoft!